Bütün Fələstin qrupları İsrailə qarşı birləşdi
    • 23-07-2024, 11:57
    • 188

Bütün Fələstin qrupları İsrailə qarşı birləşdi

Fələstinli qruplar Fələstin Azadlıq Təşkilatının (FAT) çətiri altında olan bütün qüvvələrin “hərtərəfli milli birliyə” nail olmaq və müvəqqəti konsensus hökuməti qurmaq üçün razılaşdıqlarını açıqlayıb.

News24.az xəbər verir ki, 14 Fələstin milli qrupu Çin hökumətinin dəvəti ilə paytaxt Pekində toplaşaraq 2 günlük görüşlərin sonunda bəyanat yayıb.

HƏMAS-ın yüksək rütbəli rəsmisi Musa Əbu Mərzuk, Fəth səfiri Mahmud Əl Alul və digər 12 Fələstin qrupunun nümayəndələrini salamlayan Çinin xarici işlər naziri Vanq Yi, müharibədən sonra Qəzzanı idarə etmək üçün “müvəqqəti milli barışıq hökuməti”nin yaradılması barədə razılığa gəldiklərini bildirib.

Əbu Mərzuk, “Bu gün biz milli birlik müqaviləsi imzalayırıq. Biz deyirik ki, bu yolu başa vurmağın yolu milli birlikdən keçir. Biz milli birliyə sadiqik və buna çağırırıq" dedi.

Qeyd edək ki, Qəzza zolağına hökmranlıq edən Həmas ilə işğal altındakı İordan çayının qərb sahilini qismən idarə edən Fəth arasında gərgin rəqabət nəticəsində Çin daha da mürəkkəbləşən bir mühitdə vasitəçi rolunu oynamağa çalışır.

İsrail HƏMAS-ı məhv edənə qədər döyüşü davam etdirəcəyinə söz versə də, dünya gücləri, o cümlədən İsrailin əsas himayədarı ABŞ, müharibə bitdikdən sonra Qəzzanın necə idarə olunacağına dair ssenarilər hazırlamağa çalışır.

Günel Məlikzadə