Stop kranını çəkən sənişin 56 nəfərin ölümünə səbəb oldu
    • Dünən, 23:57
    • 76

Stop kranını çəkən sənişin 56 nəfərin ölümünə səbəb oldu

Sərnişinlərin ehtiyatsız davranışları da dəmir yolu qəzalarına səbəb ola bilir.  Belə qəzalartdan biri 27 iyun 1988-ci ildə Parisdə baş verib. 

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, Melon şəhərindən gələn qatar yay qrafiki ilə işlədiyi üçün Ver de Mezon stansiyasından dayanmadan keçir. Lakin düşmək istəyən xanım sərnişin Odil Miruar stop kranını çəkərək qatarı saxlayır. O, hətta qatar tam dayanmadan qapını açaraq ikinci vaqonu tərk edir. Qatarın tormoz sistemi işə düşür və hərəkət bloklanır. 

Qatarın dayandığını görən maşinist yenidən yola düşmək üçün vaqondakı stop kranı yerinə qaytarsa da, səhvən ventili bağlayır. Beləcə, tormoz yalnız iki vaqonda işləyir.

Qatar 26 dəqiqə ləngimə ilə yola düşür və Parisin Lyon vağzalına yaxınlaşdıqda maşinist sürəti 60 km/saata endirmək üçün tormozlamaya başlayır. Lakin dayanacağa 2 km qalmış 100 km/saat sürətlə gedən qatarı saxlamaq mümkün olmur, yalnız sürət azalır. Maşinist nasazlıq barədə dispetçerə məlumat versə də, həyəcandan adını və qatarın nömrəsini demir. 

Sürəti 45 km/ssata enən qatar enişdə yenidən sürətlənir. Dispetçer həyəcan siqnalı verdiyi üçün bütün svetoforlar qırmızıya keçir. Bu zaman perronda 2-3 dəqiqə sonra yola düşəcək qatar gözləyirdi. Qarışıqlıqda dispetçer qatarın maşinistini xəbərdar edə bilmir. Lakin qatarın maşinisti tuneldən çıxan qatarın onun xəttinə girdiyini gördükdə mikrofonla sərnişinlərdən qatarı dərhal tərk etməyi tələb edir. Lakin gec idi. 15 saniyə sonra 70 km/saat sürətlə gələn qatar dayanmış qatarla toqquşur. 56 nəfər ölür, 57 nəfər xəsarət alır.

Hadisə yerinə gələn mütəntiqlər maraqlı halla qarşılaşırlar. Məlum olur ki, tormozu sıradan çıxan qatardakı sərnişinlər yalnız yüngül xəsarət alıb. Onlara yerində tibbi yardım göstərilərək evə buraxılır. Ölən və ağır yaralananlar isə dayanmış qatarın içindəki və perrondakı sərnişinlər olub. Ölənlər arasında maşinist Andre Tanqi da vardı. Məlum olub ki, o, həyatı bahasına onlarla sərnişini xilas edib. Özü isə son anadək maşinist postunu tərk etməyib.

1992-ci ildə keçirilən məhkəmə prosesində tormozu işləməyən qatarın maşinisti 4 il azadlıqdan məhrum edilsə də, 1 il sonra sərbəst buraxılır. Dispetçeri, yol dəyişdirənləri və stop kranı çəkən qadını məsuliyyətə cəlb etmək mümkün olmur. Ölkədəki bütün dəmir yolu işçiləri etiraz aksiyasına çıxdığı üçün məhkəmə yumşaq davranmağa məcbur olur.

Apellyasiya məhkəməsi zamanı sübut edilir ki, stop kranı o dövrün standartına uyğun deyil. Belə olsaydı, panikaya düşən maşinist kranı səhvən bağladığını görərdi.

Bu hadisədən sonra Fransa vağzallarında ciddi infrastruktur dəyişikliyi aparıldı, dalan yollarına zərbəni qaytaran maneələr quraşdırıldı.