Maaş və pensiyalar nə qədər artacaq? - Rəqəmlər açıqlandı
    • Bu gün, 13:40
    • 99

Maaş və pensiyalar nə qədər artacaq? - Rəqəmlər açıqlandı

“İnflyasiyanın mənfi təsirlərinin qarşısını almaq, əhalinin alıcılıq qabiliyyətini qorumaq və iqtisadi artıma təkan vermək üçün son illər ölkədə minimum əməkhaqqı artırılır. Biz ilin sonuna yaxın yəqin ki, növbəti artımın şahidi olacağıq. Dövlət əməkhaqqı fondunun artırılmasına minimum əməkhaqqının artıırılması vasitəsilə gedir. Bununla da həm iqtisadi stimullaşdırmaya, həm də əhalinin sosial müdafiəsinə nail olunur”.

News24.az bildirir ki, bunu Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov ölkədə minimum əməkhaqının artırılacağı ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, 2025-ci ilin əvvəlindən artım nəticəsində ölkədə minimum əməkhaqqı 400 manata yaxın olacaq.

Pensiyaların artırılmasına gəlincə, Elşad Məmmədov bildirib ki, bu məsələ ilə bağlı konkret yanaşma mövcuddur. Belə ki, ölkədə mövcud olan inflyasiya göstəricilərinə uyğun olaraq hər il pensiyalar indeksləşdirilir. Yəni ilin sonunda rəsmi statistik orqanlar tərəfindən açıqlanan inflyasiya rəqəmləri 2025-ci ilin əvvəlindən pensiyaların indeksləşməsinə birbaşa təsir edəcək. Misal üçün, 2024-cü ilin nəticələrinə görə inflyasiya 10 faiz olsa, bu o deməkdir ki, növbəti ildən peksiyaların 10 faiz həcmində indeksləşməsini gözləmək olar”.