-
- 27-08-2024, 20:00
- 478
Təhsil səviyyəsi diabetə təsir edir? - Açıqlama
“Gözlənilməz amillər 2-ci tip diabetin inkişafına təsir göstərə bilər”
News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, bunu endokrinoloq və diabetoloq Elena Kovalevskaya deyib.
O xatırladıb ki, şəkərli diabetin inkişafı üçün əsas risk faktorları şəkərli içkilər, un məhsulları, qızardılmış ət, fiziki fəaliyyətin olmaması, çəki artımı, qarın altında dərialtı piylərin yığılması, siqaret çəkmə və etnik mənsubiyyətdir.
Bununla belə, həkim qeyd edib ki, mütəxəssislər son vaxtlar bu xəstəliyin riski ilə təhsil arasında əlaqə tapıblar. “Təhsil səviyyəsi sosial-iqtisadi statusun tərkib hissəsidir. Aşağı sosial-iqtisadi vəziyyət stressin yüksək səviyyəsi ilə əlaqələndirilir ki, bu da endokrin funksiyanın pozulmasına gətirib çıxarır”, – Kovalevskaya bildirib.
O, həmçinin metabolik sindromu olan insanlarda, əvvəllər hamiləlik dövründə şəkərli diabeti olan qadınlarda, dislipidemiyadan əziyyət çəkənlərdə, vaxtından əvvəl doğulanlarda və havanın çirkli olduğu ərazilərdə yaşayanlarda da şəkər xəstəliyinə tutulma riskinin daha yüksək olduğunu qeyd edib.
Kovalevskaya əlavə edib ki, kifayət qədər yuxusu olmayan insanlarda diabet inkişaf riski əhəmiyyətli dərəcədə artır.