-
- 4-09-2024, 18:28
- 415
Valideynlərin nəzərinə: Analar buna görə aliment ödəyəcək
Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin oğlu Orxan Əliyevin keçmiş həyat yoldaşı Rada Musayevadan aliment tələb etməsi qadınların kişilərə aliment ödəməsi məsələsini gündəmə gətirib. Adətən, ata öz övladları üçün anaya aliment ödəyir. Bəs, ana hansı hallarda uşağa görə ataya aliment ödəməlidir?
News24.az bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən hüquqşünas Ramil Süleymanov deyib ki, qanunvericilikdə kişi və qadın arasında ayrı-seçkilik edilmir.
Onun sözlərinə görə, yalnız spesifik sahələr var ki, orada kişi və qadın ayrı-seçkiliyi edilir:
“Konstitusiyamızın 25-ci maddəsinin 1-ci bəndinə görə, qanun və məhkəmə qarşısında hamı bərabərdir. 2-ci hissəsinə görə isə kişi ilə qadının eyni hüquq və azadlıqları var. Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlərdə nikah münasibətlərinin pozulması zamanı uşaqların mənafeyi ilə bağlı hissələr öz əksini tapır. Əgər burada uşaqlar atanın himayəsinə verilirsə, əlbəttə ki, uşaqların saxlanılması ilə bağlı qadının aliment ödəmək öhdəliyi yaranır. Bu öhdəlik isə məhkəmələr tərəfindən qadının üzərinə qoyulur. Ölkə üzrə yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa görə, uşaqların yaşayış minimumu 235 manat müəyyən olunub”.
Hüquqşünas deyib ki, aliment uşaq sayına görə dəyişir:
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə görə, əgər aliment ödəməklə bağlı tərəflər arasında razılıq olmazsa, məhkəmə aliment ödəyən şəxsin əmək haqqından və aylıq digər gəlirlərindən bir uşağa görə qazancının 4\1, iki uşağa görə 3\1 hissəsini, 3 və daha çox uşağa görə isə qazanc və aylıq gəlirinin 50 faizini uşaqların saxlanılması üçün kəsə bilər”.