“İtkin düşən” yeniyetmələr - onlar evdən niyə qaçır, haradan tapılır...
    • Bu gün, 10:54
    • 122

“İtkin düşən” yeniyetmələr - onlar evdən niyə qaçır, haradan tapılır...

Son illərdə evdən qaçan, itkin kimi qeydiyyata alınan və axtarılıb tapılan yeniyetmələrin, gənclərin sayı artıb. Sentyabrın 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. DİN-in yaydığı məlumatlarda da görünür ki, ölkədə hər ay bir neçə nəfər yeniyetmə, itkin düşmüş axtarışa verilir, bir müddət sonra onlar tapılaraq ailəsinə təhvil verilir. Onları evdən qaçıran səbəblər nədir? Ekspertlər araşdırma aparırımı?

Əhməd Qəşəmoğlu: “Acından ölən uşaq evlərinin müdirləri yüz minlik  maşınlarda gəzirlər” - Oxu.az

Əhməd Qəşəmoğlu

Sosioloq, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu “Yeni Müsavat”  deyib ki, insanın davranışının formalaşmasına 4 mühüm amil təsir edir:

1) insanın öz fitrəti, öz məxsusi psixoloji xüsusiyyətləri;

2) yaşadığı mühit;

3) aldığı informasiyaların məzmunu və intensivliyi və

 4) üstünlük verdiyi dəyərlər.

Bu gün Azərbaycan xalqının milli xüsusiyyətləri dəyişməyib. 50 il qabaq psixoloji, milli kimliyimizə görə kim idiksə, bu gün də həmin adamlarıq.

Mühit isə fərqlidir, mühitdə problemlər yaranıb. Əvvəllər yeni nəslin formalaşmasında aşağıdakı amillər çox mühüm rol oynayırdı: a) ailə; b) məktəb; c)cəmiyyət; d) bədii ədəbiyyat, filmlər, TV. 

İndi ailələrdə tarixdə görünməyən bir gərginlik var. İnsanlar məlumatı əsasən internetdən alırlar. Xaricdəki gənclərin, insanların həyatını görür, onlar kimi yaşamaq istəyirlər. Gənclərə evdən icazə verilmir, ailəlilər isə ailəsinə öz arzusunun dalınca getmək istəyini deməyə çəkinir. Ona görə də evdən xəlvət gedirlər.

Bu gün üstünlük verilən dəyərlər də fərqlidir. 30 il əvvəlki Azərbaycan gənci ilə bugünki Azərbaycan gəncinin üstünlük verdiyi dəyərlər eyni deyil. Bu gün dəyərlər sistemi dəyişib. Mühit də dəyişməli idi. Bu gün cəmiyyətdə yaşayan insanların özünü realizə etmək imkanları olduqca dardır. Gənclər özünə cəmiyyətdə yer edə bilmir. Halbuki ölkədə böyük potensial var. İqtisadçılarımızın günahı üzündən elə bir mühit yarada bilməmişik ki, gənclər özünü reallaşdıra bilsin. Özünü əməyin hansısa növünə həsr etmək vərdişi yaddan çıxıb. Xeyli bekar adamlar yaranıb. İşsiz adamlarda müəyyən mənəvi dəyişiklik baş verir. İnsan xarakteri elədir ki, beşikdən başlayaraq özünü təsdiq etmək tələbatı var. Özünü hansısa konkret, maraqlı bir işdə təsdiq edə bilməyən adamlar özünütəsdiq üçün yollar axtarır. Özünü mühüm adam kimi göstərmək bir çoxlarına bu sahədə kömək edir. Ölkədə insanların, xüsusən gənclərin özlərini reallaşdırmaq imkanı yox səviyyəsindədir. Xarici ölkələrdə gənclərin özlərini necə reallaşdırdıqlarını internet üzərindən rahat şəkildə görə bilirlər. Bu amilləri təhlil edəndə evdən getmələrin səbəbləri də üzə çıxır".

“Bəs necə edək ki, insanlarımız axtarılanlar siyahılarında yer almasınlar, evdən getməsinlər” sualına sosioloq belə cavab verib: “Elə bir şərait yaradılmalıdır ki, insanlar Azərbaycanda özlərini reallaşdıra bilsinlər. Misal üçün, biz gənclərimizdə biznes təfəkkürünü inkişaf etdirməliyik. Pedaqoji Universitetdə, Biznes Universitetində tələbələrə bunu deyirəm. Tələbələrdə biznes təfəkkürünün inkişafını aşılamağa çalışıram. Bir insana Azərbaycanda olan potensiallardan istifadə etməyi öyrədəndə o, özünə bir iş yeri yaradır, ətrafına da 5-6 nəfəri yığıb iş görür. Nə özü evindən gedir, nə də işə götürdüklərinin bu haqda düşünməyə vaxtı qalır. Çox təəssüf ki, bu gün bizim universitetlərdə təhsil alan 4-5-ci kurs tələbələrinin əksəriyyəti düşünür ki, universiteti bitirəcəm, atam kiməsə rüşvət verib məni işə düzəldəcək. Tanış tapacağıq, evlənəcəyəm, qayınatam kömək edəcək işə düzələcəyəm düşüncəsi hakimdir. Ona görə də darıxdırıcı mühit yaranır. İnsanlar o mühitdən qaçır, evdən, ölkədən gedirlər”.

Sosioloq deyir ki, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi birlikdə ciddi fəaliyyət proqramları hazırlamalıdır: “Gəncin özündə biznes təfəkkürü inkişaf etdirilsə, o özü bir iş quracaq, xarici ölkələrlə əlaqə quracaq. Bir mütəxəssis olaraq deyərəm ki, Azərbaycan gəncinin biznes təfəkkürünü inkişaf etdirsək, bir çox problemlərin qarşısını ala bilərik. İnsanlarımız özlərini tapıb reallaşdıra bilsələr, əlbəttə ki, itkin də düşməzlər. Cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verilər. Mənəvi dəyərlər üstün olan yerdə ahəngdar münasibətlər yaranır. Mənəvi dəyərlər arxa plana keçən yerdə isə hər zaman gərginlik, qarşıdurma, mənəvi aşınma baş verir. Yarımçıq düşünən insanların sayının çox olması olduqca arzuolunmaz bir göstəricidir. Şükür ki, bu vəziyyətdən çıxış yolları mövcuddur. Bununla bağlı da dövlətin müəyyən planları var. Həmin planlar gerçəkləşdikcə, cəmiyyətdə belə hallar azalacaq, insanlar xəbərsiz olaraq evdən getməyəcək, mənəvi dəyərlərə üstünlük verən cəmiyyətə çevriləcəyik”.