Yəhya Sinvar yoxa çıxdı – İsrailin ən qəddar düşməninin sirli taleyi
    • 23-09-2024, 17:19
    • 245

Yəhya Sinvar yoxa çıxdı – İsrailin ən qəddar düşməninin sirli taleyi

“HƏMAS lideri Yəhya Sinvarın İsrailin aviabombaları nəticəsində öldürülməsi haqqında xəbər hələ ki təsdiqini tapmayıb. Bu, İsrail tərəfinin irəli sürdüyü ehtimallardan biridir. Bu iddianın irəli sürülməsinin əsas səbəbi isə HƏMAS liderinin uzun müddət ortalıqda görünməməsidir. Onun ortalığa çıxmamasının səbəbi təhlükəsizlik məsələləri ilə də bağlı ola bilər”.

News24.az bildirir ki, bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov HƏMAS lideri Yəhya Sinvarın İsrailin hava hücumu nəticəsində öldürüldüyü haqda iddiaları şərh edərkən deyib.

Onun sözlərinə görə, Y.Sinvarın ölümü haqqında rəsmi məlumat olmadan bu iddiaya inanmaq gülüncdür:

“Çünki dəfələrlə bu barədə məlumatlar yayılıb, amma sonradan həqiqətə uyğun olmayıb. Digər tərəfdən İsrail kütləvi informasiya vasitələri, xüsusi xidmət orqanları ilə birlikdə belə təsdiqlənməmiş məlumatları verməklə müəyyən məqsədlərə xidmət etmiş olurlar.

İsraildə hesab edirlər ki, həm HƏMAS, həm də “Hizbullah”ın siyasi və hərbi liderlərini aradan götürməklə Fələstin problemini həll edə biləcəklər. Amma bunun yanlış düşüncə olduğu sübuta yetirilib. Çünki daha əvvəl də qeyd olunan təşkilatların rəhbərləri İsrail tərəfindən aradan götürülüb, lakin müharibə hələ də davam edir. Deməli, İsrailin Fələstinlə bağlı problemi həll etmək üçün həyata keçirdiyi tədbirlər vasitəsilə bu münaqişənin sonuna çıxmaq mümkün deyil”.

Politoloq qeyd edib ki, İsrail dünya dövlətlərinin və BMT-nin çağırışlarına qulaq asaraq Fələstin dövlətinin yaradılmasına imkan verməlidir:

“Bu layihənin həyata keçirilməsi İsrailin gələcəyi üçün təhlükəsizliyi təmin edəcəkmi? Bu suala indidən cavab vermək çətindir. Amma istənilən halda indi təqdim olunan variantlar içərisində bundan daha üstün layihə olmadığı gözü önündədir”.