-
- 16-10-2024, 00:55
- 834
Qırıcılar havaya qalxdı: lokal müharibə olacaq
“Şimali və Cənubi Koreya arasında vəziyyətin gərginləşməsinə səbəb Seulun qırıcılar və pilotsuz ucuş aparatları ilə hərbi təlimlər keçirməsidir”.
Bunu Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasında yaşanan gərginliyi şərh edərkən deyib.
Politoloq bildirib ki, bu, Pxenyanı narahat edir, ona görə də təlimlərin dayandırılması üçün Seula xəbər göndərib:
“Son zamanlar Yaponiya və Cənubi Koreya arasında yaxınlıq güclənir. Tokio çalışır ki, “Asiya NATO-su”yaratsın. Məqsəd Çinə və Rusiyaya qarşı müdafiəni gücləndirməkdir. ABŞ-ın buna mane olmasına baxmayaraq, iki ölkə arasında hərbi əməkdaşlıq gücləndirilir. Yaponiyanın cənubda bu qədər möhkəmlənməsi isə şimaldakı kommunist rejimi narahat edir, nəticə olaraq davamlı şəkildə cənuba dünvanlı təhdidlər səsləndirilir.
Şimali və Cənubi Koreya arasında toqquşma baş verə bilər, ancaq uzunmüddətli müharibəyə çevriləcəyi ehtimalı çox zəifdir. Hər iki tərəf də belə bir vəziyyətə hazır deyil. İndiki məqamda Şimalın hərbi sənayesi daha çox Rusiyaya yardım üçün istifadə edilir. ABŞ bunu önləmək üçün Koreya yarımadasında lokal xarakterli toqquşmada maraqlı olar bilər”.
Z.Əmrəliyevin sözlərinə görə, Koreyada müharibə baş verərsə, bu, şimaldakı rejimin yıxılması ilə nəticələnəcək:
“21-ci əsrdə Şimali Koreyadakı kimi qapalı rejimlə ölkə idarə etmək doğru deyil. Hər il şimaldan xeyli sayda insan cənuba qaçır. Sərt rejim olmasına baxmayaraq Pxenyanın ideoloji xətti çox zəifdir. Elə bu səbəbdən də istər Şimali Koreya, istərsə də onun müttəfiqləri böyük həcmli müharibədən ehtiyat edirlər. Ancaq lokal toqquşma olacağı gözləniləndir. Bu, hazırda hər iki tərəfə sərf edir, ona görə də müharibəyə razıdırlar.
Beləliklə ABŞ Şimali Koreyadan Rusiyaya silah yardımının qarşısını ala, həmçinin rus ordusunun Kurskda irəliləməsi dayandıra bilər. Lokal müharibə ilə diqqətin yayındırılması mümkündür. Həmçinin Cənubi Koreya və Yaponiya ABŞ-ı yeni hərbi təşkilatın vacibliyinə inandıra bilərlər. Buna görə bir çox qüvvələr toqquşma olması üçün tərəfləri təhrik edirlər”.