-
- 20-07-2019, 18:11
- 930
Qida zəhərlənmələrindən necə qorunmaq olar? Yay fəslinin ən böyük çiləsi
Yay aylarında insanlar daha çox qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edirlər. Qida zəhərlənmələri nədən baş verir və əsas əlamətləri nədir? Bundan necə qorunmaq olar?
News24.az xəbər verir ki, birinci növbədə iqlim şəraitinə görə. Havanın hərarəti yüksək olduqda müəyyən patogen mikroblar sürətlə çoxalır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı artır. Eyni zamanda, yayda bəzi mövsümi xarakterli yeməklər də zəhərlənmələrə səbəb olur. Zəhərlənmələrin əsas səbəbi qida məhsullarının düzgün saxlanılmamasıdır. Vaxtı ötmüş məhsulların qəbulu, dondurma, dönər kimi qidaların yay zamanı düzgün şəraitdə saxlanılmaması qida zəhərlənmələrinə yol açır. Yay aylarında qarpızdan zəhərlənmə də çox aktualdır. İnsanlar çox zaman qarpızdan zəhərləndiklərini düşünürlər. Əksinə zəhərlənmə hallarının 99 faizi qarpızdan və ya qarpızın tərkibindəki nitratlar səbəbindən baş vermir. Bu, sadə bir qida zəhərlənməsidir. Qarpız ağacda yox, torpaqda bitir və satışa veriləndə açıq yerlərdə saxlanılır. Adətən evdə onu yumadan birbaşa kəsirlər. Həmin vaxt qarpızın tərkibinə mikroblar düşür. Bir neçə saatdan sonra həmin mikroblar orda inkişaf edir. Beləliklə, qarpızı yedikdən sonra insanda zəhərlənmə əlamətləri başlayır.
Mütəxəssislərin sözlərinə görə, ilk növbədə bilmək lazımdır ki, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya dövrü bir neçə saat olur, yəni səhər süd məhsulu yeməklə siz özünüzdə prodromal dövr hiss edəcəksiniz. Prodromal dövr dedikdə ümumi zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur.Birinci növbədə mədə və bağırsağın yuyulmasına (çoxlu miqdarda sodalı və ya marqanslı su içmək) əməl etmək lazımdır. Bağırsağı imalə etmək də əhəmiyyətlidir. Əgər bu mümkün deyilsə, hər 10 kiloqram bədən çəkisinə 1 həb olmaqla kömür dərman vasitəsini əzərək onu 1 stəkan suya qatıb içmək olar. Məsələn, sizin çəkiniz 70 kiloqramdırsa, 7 həb kömür dərmanını əzib suda içmək vacibdir. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısı alınır. Artıq zəhərlənmə inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil, çünki ağırlaşmalar baş verə bilər.
Bildirilib ki, bunun ən ağır forması insan ölümünə gətirib çıxaran botulizmdır. Botulizm xəstəliyinə səbəb düzgün şəraitdə hazırlanmamış konserv məhsullarının qəbuludur. Oksigen olmayan şəraitdə botulotoksin əmələ gəlir və insanda botulizm adlı xəstəlik baş verir. Başqa ağır qida zəhərlənmələrindən taun xəstəliyini deyə bilərik. Buna çox nadir hallarda rast gəlinir. Qalan qida zəhərlənmələri adətən stafilokok və s. kimi mikrobtörərədici xəstəliklərdir ki, bunlar da yüngül və orta keçə bilər.
Bağırsaq infeksiyaları sadəcə olaraq qida toksik infeksiyalarının adıdır. Bu xəstəliklər hamısı eynidir. Bəziləri buna qida zəhərlənməsi, bəziləri bağırsaq infeksiyaları, bəziləri isə qida toksik infeksiyaları deyir.