“Atam hardadırsa zəng edin, görüntülü danışım” – itkin pilotun oğlu GÜCLÜ KÜLƏK AXTARIŞLARI LƏNGİDİB
    • 6-08-2019, 15:09
    • 1 280

“Atam hardadırsa zəng edin, görüntülü danışım” – itkin pilotun oğlu GÜCLÜ KÜLƏK AXTARIŞLARI LƏNGİDİB

Dünəndən başlayan güclü külək İyulun 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin “MİQ-29" təyyarəsinin və itkin düşən pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışlarına ciddi əngəl yaradıb.

Bu haqda News24.az –a pilotun qayınatası Qabil Hüseynli məlumat verib.

Onun sözlərinə görə, dünənki əlverişsiz hava şəraiti axtarışları ləngidib: “Dünən dənizdə böyük dalğaların olması və güclü küləyin əsməsi gəmilərin normal işləməsinə mane olub. Bu gün səhərə doğru yenə axtarışlar davam etdirilib. Amma yenə də hava tam gücü ilə işləməyə imkan vermir. Ancaq günortadan sonra dalğıclar tam gücü ilə çalışmağa davam ediblər”.

Qabil Hüseynli bildirib ki, haisədən 13 gün keçməsinə baxmayaraq,  ciddi nəticə yoxdur: “Artıq 13 gün keçib. Təyyarənin yalnız müəyyən detalları tapılıb. Amma onun özünə, pilot kabinəsinə, qara qutuya çatmaq mümkün olmayıb. Təyyarənin qanadları suyun üzündə olub, onlar aşkarlanıb. Amma hadiənin əsas mahiyyətini anladan qara qutunu yerləşiyi hissə tapılmayıb. Düzdür, çox səylər göstərilir. Amma hələ ki, heç nəyə nail olunmayıb. Bir yandan da külək, işi çətinə saldı. Deyilənlərə görə, indiyədək heç vaxt Bakıda belə küləkli hava olmayıb. Təbii ki, dəniz də bu cür dalğalı olmayıb”.

Qabil Hüseynli deyir ki, axtarışların uzanması, nəticənin olmaması bir yana, evdə nəvələrinin ata yolu gözləməsi onu çox üzür: “Gedirəm, xəbər gözləyirəm, standart sözlər eşidirəm. Evə də gəlirəm, vəziyyət belə... Uşaqları, xüsusən böyük nəvəm- Turqutu sakitləşdirməyə çalışıram. O, hər şeyi başa düşür deyə, çox sərt, çox əsəbidir. Balaca nəvəmin 3 yaşı var, baş verənləri dərk eləmir,  amma Turqut çox həssas uşaqdır. Ona yalan demişik. Demişik, atan Türkiyədədir. Uşaq da elə deyir ki, bəs, atam nə vaxt qayıdacaq? Hardadırsa, zəng eləyin, görüntülü danışım...”