Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul KEÇİRİLİR
    • 30-08-2019, 19:31
    • 1 009

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul KEÇİRİLİR

Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

News24.az-ın xəbərinə görə, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Qonaqları salamlayan Türkiyənin Azərbaycandakı fövqəlada və səlahiyyətli səfiri Erkan Özaral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu çatdırıb.

Diplomat türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib.
Qeyd edilib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və möhkəm iradəsinin nümunəsidir. Bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib. Ötən illər ərzində Türkiyənin bir çox sınaqlardan keçdiyini deyən səfir qardaş ölkənin hər cür çətinliklərin öhdəsindən gələ biləcək gücə malik olduğunu vurğulayıb.

Qəbulda Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və media təmsilçiləri iştirak ediblər.