-
- 29-10-2019, 20:51
- 1 062
Bakıda Türkiyə Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü qeyd edildi
Bakıda Türkiyə Cümhuriyyətinin yaranmasının 96 illiyi münasibəti ilə rəsmi ziyafət təşkil olunub.
News24.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Səfir Erkan Özoral çıxışı zamanı cümhuriyyətin 96 il əvvəlki tarixinə və Türkiyə xalqının Mustafa Kamal Atatürkün rəhbərliyi altında vətənini işğalçılardan qorumaq naminə apardığı mübarizəyə toxunub.
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən söz açan səfir vurğulayıb ki, ikitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının, onların təşəbbüsü ilə gerçəkləşən birgə layihə və sazişlərin müstəsna rolu var. E.Özoral qeyd edib ki, Türkiyə və Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, gələcəyə daha da inamla addımlayırlar.
Azərbaycan prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən Milli Məclisin sədri Oqtay Əsədov qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. Spiker qeyd edib ki, iki ölkə arasında elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlıq var: “Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir”.
Ziyafətdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, türkiyəli iş adamları, müxtəlif partiya və QHT-lərin rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.