"İTEC" ikitərəfli əlaqələrin genişlənməsinə töhfə verəcək" - SƏFİR
    • 25-09-2019, 19:37
    • 1 025

"İTEC" ikitərəfli əlaqələrin genişlənməsinə töhfə verəcək" - SƏFİR

Bakıda Hindistan Azərbaycan Texniki İqtisadi Əməkdaşlıq günü qeyd olunub.


News24.az xəbər verir ki, tədbir Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın qonaqları salamlaması ilə start götürüb. 


Daha sonra səfir 1964-cü ildən etibarən qurulan əməkdaşlığın 55-ci ilinin qeyd olunduğunu vurğulayıb. B.Vanlalvana həmçinin "İTEC"-in ikitərəfli əlaqələri genişləndirilməsini töhfə verəcəyini bildirib. İTEC məzunları, Azərbaycan dövlət qurumlarından nümayəndələr və Hindistan icmasının üzvlərindən ibarət 130-dan çox qonağın iştirak etdiyi tədbirdə cənab səfir İTEC proqramı çərçivəsində müxtəlif sahələr üzrə Hindistan Hökümətinin öz inkişaf təcrübəsini və bacarıqlarını keçən 55 il ərzində Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrlə paylaşdığını bildirib. Bavitlunq Vanlalvavna təlim kursları kənd təsərrüfatı, bank, maliyyə, mühasibatlıq və audit, təhsil, İT,  mühəndislik və texnologiya, İngilis dili, ətraf mühit və iqlim dəyişikliyi, insan resurslarının inkişafı da daxil olmaqla müxtəlif geniş mövzuları əhatə etdiyini bir daha vurğulayıb.


Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev də çıxış edib: "Məlum olduğu kimi, Hindistan və Azərbaycanın dərin tarixi əlaqələri mövcuddur. Hindistan Azərbacanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 2017-ci ildə Azərbaycan-Hindistan diplomatik münasibətlərinin 25illiyi qeyd olundu. Ötən müddət ərzində ölkələrimiz sürətlə inkişaf edib və əlaqələri genişləndirməyə imkanlar yaranıb. Qeyd etmək istəyərdim ki, Azərbaycanla Hindistan arasında bir çox sahələr üzrə hökumətlər arası komissiyalar yaradılıb".


Qeyd edək ki, İTEC proqramı çərçivəsində Hindistan Hökuməti ölkənin ən yüksək səviyyəli müəssisələrində bütün xərclərin qarşılandığı təqaüd proqramı ilə təmin edir. Təqaüdə beynəlxalq səyahət, kurs xərcləri, yaşayış, kitablar və Hindistanda tibbi xərcləri və digər xərclər daxildir. Hazırda hər il 300-ə yaxın təlim kursları təşkil edən 70 müəssisə var və bu kurslarda iştirak etmək məqsədilə dünyanın 160 ölkəsindən Hindistana təxminən 12000 tələbə gəlir.