“Küllücə” adlı teatr-studiyası yaradıldı
    • 11-10-2019, 17:29
    • 789

“Küllücə” adlı teatr-studiyası yaradıldı

Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını nümayiş etdirməsi üçün reallaşdırılan irimiqyaslı layihələrə biri də əlavə olunub.

Belə ki, bir sıra sosial-mədəni aksiyaları ilə ictimaiyyətin diqqətini bu sahəyə yönəldən, istedadlı əlil uşaq və yeniyetmlərin özünüifadə meydanına çevrilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb.

Teatrın mətbuat xidmətindən News24.az-a bildirilib ki, fiziki və əqli cəhətdən çatışmazlığı olan 30 nəfər uşaq, yeniyetmə və gənci bir araya gətirən studiya iki qrupda (uşaq-yeniyetmə və gənclər) fəaliyyət göstərəcək.

Terapiya, bir növ müalicəvi dərs xarakterli məşqlərdə uşaqlara müvafiq sosial vərdiş və münasibətlər səhnə nümunələri, dramaturji materiallar vasitəsilə təlqin ediləcək. Aktyor, rejissor, vokalçı, xoreoqraflarla yanaşı, psixoloqlar da məşq-tədris prosesində pedaqoq kimi iştirak edəcəklər.

Qeyd edək ki, hazırda studiyanın hər iki qrupunda məşqlər gedir. İlk olaraq kiçik yaş qrupunun təqdimatında Şarl Perronun məşhur “Qırmızı papaq” əsəri, böyüklərin qrupunda isə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Solğun çiçəklər” tamaşaları hazırlanır. Hər iki nümunə orijinal pyes üzərində müvafiq ixtisarlar aparılmaqla yeni səhnələşdirmədə, daha çox mahnı və kütləvi rəqslərin fonunda təqdim olunacaq. “Küllücə”nin yetirmələrinin ilk səhnə nümayişi dekabrın 3-də - Beynəlxalq Əlillər Günündə gerçəkləşəcək.