50 yaşından əvvəl klimaksın səbəbi nədir? Qarşısını necə almaq olar?
    • 26-10-2019, 18:00
    • 1 169

50 yaşından əvvəl klimaksın səbəbi nədir? Qarşısını necə almaq olar?

Statistik məlumatlara görə, menofasilə qadınlarda orta hesabla 50 yaşında baş verir. Ancaq bir sıra hallarda menstruasiyanın 38-40 yaşlarında kəsilməsi halları da az deyil.
News24.az bildirir ki, bu hal tibdə vaxtından qabaq menofasilə (menopauza) adlanır. Aybaşılar 40-45 yaşlarında kəsilmiş olarsa bu, erkən menofasilə (menopauza) adlanır. Həm vaxtından qabaq, həm də erkən menofasilə əksər hallarda irsi təbiətə malik olurlar. 

Əlbəttə ki, bu, erkən klimaksın yeganə səbəbi deyildir. Keçirilmiş bir sıra ginekoloji cərrahi əməliyyatlar (yumurtalıqların, uşaqlığın xaric edilməsi), güclü və uzunmüddətli streslər, ağır keçən bir çox xəstəliklər, arıqlama və digər buna bənzər hallar klimaksı yaxınlaşdıra bilər. Statistik göstəricilərlə təsdiq edilmişdir ki, siqaret çəkməyə meyli olan qadınlarda da klimaks daha tez baş verir. Tibbi cəhətdən əsaslandırılmadan tutulan kəskin pəhriz rejimləri də erkən klimaksın baş verməsinə şərait və meylilik yaradan daha bir faktordur.
Bəs vaxtından qabaq olan klimaksın qarşısını necə almaq olar?
Bunun üçün aşağıdakılara riayət etmək məsləhət görülür:

- siqaret çəkilməsindən imtina etmək;

- streslər olduğu dövrlərdə müvafiq məsləhət və müalicə üçün həkim-nevropatoloqa müraciət etmək;

- düzgün qidalanma; burada zülallar xüsusi əhəmiyyətə malikdir; məhz zülalların çatışmazlığı reproduktiv sistemə daha pis təsir edir; buna görə də əsasən meyvə-tərəvəzlərlə qidalanmaqla pəhrizə həvəs göstərən qadınlar belə qida rejiminə ağıl və məntiqlə yanaşmalı, qabaqcadan həkimlə məsləhətləşməlidirlər;

- yuxunun kifayət qədər olması; yuxunun gün ərzində 7-8 saatdan az olmaması çox vacib hesab olunur; belə ki, xroniki olaraq az yatmaq, yuxudan doymamaq qadın cinsi hormonlarının istehsalına çox mənfi təsir edərək, qüvvədən düşmüş yumurtalıqlar sindromunun inkişafına gətirib çıxarır;

- fiziki aktivlik; bu, istənilən yaşda olan qadınlar üçün çox vacibdir; ancaq onu da qeyd etmək lazımdır ki, həddindən artıq idmanla məşğul olmaq da qadın orqanizmi üçün xarakterik və vacib olan, onu daha gözəl və təravətli edən zərifliyin itirilməsinə səbəb olur.