Anaları intihar edən uşaqların psixoloji durumu diqqət mərkəzindədir- RƏSMİ
    • 18-03-2020, 17:12
    • 793

Anaları intihar edən uşaqların psixoloji durumu diqqət mərkəzindədir- RƏSMİ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kütləvi informasiya vasitələrində bir neçə gün öncə intihar etdiyi bildirilən 4 uşaq anası 29 yaşlı Günay Şəmilovanın qayınatası və qayınanası tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi haqqında məlumatlara münasibət bildirib.

Komitədən News24.az-a verilən məlumata görə, qeyd olunan hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi, Ağcabədi rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, məsələnin hazırki durumu haqqında məlumat alıb. Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və aidiyyəti istintaq işləri aparılır.

Bildirilib ki, məsələnin humanitar (sosial-ictimai) aspektləri ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyət ilə maraqlanıblar. Uşaqların hazırki psixoloji durumu qiymətləndirilərək onların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məsələ Komitənin və regiondakı Uşaq və Ailələrə Dəstək Mərkəzinin diqqətindədir.

Qeyd edək ki, martın 10-da Ağcabədi rayonunun Təzəkənd kənd sakini 1991-ci il təvəllüdlü Günay Şəmilova özünü yaşadığı evdən asaraq intihar edib. 4 uşaq anası olan G. Şəmilovanın ən kiçik övladı 7 ay əvvəl dünyaya gəlib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq döyülüb, amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyənləşib.

Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub.