Gülnarə Xəlilova unikal maskalar HAZIRLADI - FOTOLAR
    • 4-04-2020, 18:10
    • 1 728

Gülnarə Xəlilova unikal maskalar HAZIRLADI - FOTOLAR

Tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) Sosial iş komissiyasının rəhbəri, "Tərəqqi" dövlət mükafatının sahibi Gülnarə Xəlilova xüsusi pambıq parçadan  uzunmüddətli istifadə yararlı unikal maskalar hazırlayıb.

News24.az xəbər verir ki, maskalar #evdəqal kampaniyası çərçivəsində və "Evdə qal və yarat" şüarı ilə hazırlanıb. G.Xəlilova bildirib: "Hər bir yaradıcı insan koronavirusla mübarəzəyə öz töhfəsini verə bilər. Mən uzunmüddətli istifadə üçün xüsusi pambıq parçadan maskalar düzəltmək qərarına gəldim. Bu maskaları istifadədən, müvafiq yuyulmadan və dezinfeksiyadan sonra dəfələrlə istifadə etmək mümkündür, onlar öz keyfiyyətlərini və qoruyucu funksiyasını itirmirlər. Təqribən min ədəd maskanın hazırlanması planlaşdırılıb. Bu gün Xalq artisti Tünzalə Ağayeva ilə birlikdə "Sevməli" sosial aksiyası çərçivəsində maskaların bir qismini ehtiyacı olan insanlara payladıq".

Dizayner, həmçinin ölkədə koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq üçün hamını evdə qalmağa, hökumət və ÜST-ün tövsiyələrinə əməl etməyə çağırdı.

Xatırladaq ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkətə məhdiyyətlər tətbiq edilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərar qəbul edib.