"Birdəfəlik ödəmə 600 min nəfəri əhatə edəcək"- SAHİL BABAYEV
    • 22-04-2020, 14:13
    • 407

"Birdəfəlik ödəmə 600 min nəfəri əhatə edəcək"- SAHİL BABAYEV

"Birdəfəlik ödəmə proqramının icra mexanizmi, proqrama edilən müraciətlər əsasında e-sosial.az portalında formalaşan geniş informasiya bazası əmək bazarı ilə bağlı yeni yanaşmalar əsasında ətraflı təhlillər aparmağa imkan yaradıb". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində videobağlantı formasında keçirilən kollegiya iclasında nazir Sahil Babayev bildirib. 

Nazirlikdən News24.az-a verilən məlumata görə, o bildirib ki, bu imkandan istifadə edilməklə əmək bazarı ilə bağlı ciddi təhlillər aparılmalıdır: "Xüsusilə qeyri-rəsmi məşğulluğun daha çox mövcud olduğu regionlar və iqtisadi fəaliyyət sahələrinin, əhali qrupunun və s. müəyyən olunması araşdırılmalı və nəticələr əsasında təkliflər hazırlanmalıdır".

S.Babayev vurğulayıb ki, dövlət başçısının humanist siyasətinin nəticəsi olaraq, bu gün təkcə işsizlər deyil, onlarla bərabər bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olundular. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu proqramın əhatə dairəsi 3 dəfədən çox genişlənərək 600 min nəfəri əhatə edəcək. Birdəfəlik ödəmə  proqramının icra səviyyəsi son 12 gündə artıq 50 faizə çatıb. Digər tərəfdən, e-sosial.az portalının geniş funksional imkanlara malik təkmil infrastrukturu əhatəli bir proqram üzrə müraciətlərin qəbulu, emalı və birdəfəlik ödənişlərin gündəlik olaraq normal davam etdirilməsinə imkan verib. 

Birdəfəlik ödəmə proqramının icra mexanizmi, proqrama edilən müraciətlər əsasında e-sosial.az portalında formalaşan geniş informasiya bazası əmək bazarı ilə bağlı yeni yanaşmalar əsasında ətraflı təhlillər aparmağa imkan yaradıb. Bu imkandan istifadə edilməklə əmək bazarı ilə bağlı ciddi təhlillər aparılmalıdır. Xüsusilə qeyri-rəsmi məşğulluğun daha çox mövcud olduğu regionlar və iqtisadi fəaliyyət sahələrinin, əhali qrupunun və s. müəyyən olunması araşdırılmalı və nəticələr əsasında təkliflər hazırlanmalıdır. 

Pandemiya ilə əlaqədar digər sosial dəstək proqramlarının genişləndirildiyini qeyd edən S.Babayev bildirib ki, bu əsasda işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri də yumşaldılacaq. Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi artıq hazırlanıb. Layihənin qəbulu imkan verəcək ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Bu il ərzində işsizlikdən sığorta ödənişlərinin şamil olunduğu şəxslərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.

S.Babayev bu il 12 min ailənin özünüməşğulluq proqramına cəlb ediləcəyini deyib.