"Qaydalara əməl olunmazsa...." - NAZİR XƏBƏRDARLIQ ETDİ
    • 25-04-2020, 17:06
    • 921

"Qaydalara əməl olunmazsa...." - NAZİR XƏBƏRDARLIQ ETDİ

"Koronavirus pandemiyası (COVID-19) ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına, bir sıra sahələrdə fəaliyyətin bərpa olunmasına qərar verilib". 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) Yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətində davamlılıq ən vacib amildir. Hətta uzun müddət fəaliyyətdə olan biznes qurumları, qısa müddətli fəaliyyətsizlik nəticəsində ciddi geriləmələrlə üzləşə bilərlər. Məhz bu səbəbdən də, davamlılığın təmin edilməsi əsas məqsəd olmalıdır. Bu baxımdan, dövlətin dəstək tədbirləri ilə yanaşı, biznes subyektlərinin də yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir. Aprelin 27-dən başlayaraq xüsusi rejimli karatin şəraitində məhdudiyyətlərin bir qisminin yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə bilər və bu müddət insanların davranışından daha çox asılıdır. Həlledici amil isə, fərdi gigiyena və sosial məsafənin qorunmasıdır". 

Nazir onu da bildirib ki, sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidir:"Yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir. Biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilmədikdə isə, yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq. Bu da öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər".

Afaq Mirayiq