İmişlidə silsilə oğurluq edən keçmiş məhkumlar ƏLƏ KEÇDİ
    • 6-05-2020, 10:47
    • 1 319

İmişlidə silsilə oğurluq edən keçmiş məhkumlar ƏLƏ KEÇDİ

İmişlidə oğurluq hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, bir qrup İmişli rayon sakini cari ilin fevral ayında Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək onlara məxsus evlərdən və avtomobildən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Samit Bəyalıyev və Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Sakit Cəfərov saxlanılıb. 

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər rayon ərazisində yerləşən 2 evdən və 1 avtomobildən qızıl zinət əşyaları və nəğd pul oğurlamaqla vətəndaşlara ümumilikdə 8 000 manatdan çox ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.