“Üç aydır, su üzünə həsrətik”- MƏRDƏKANLILAR -VİDEO
    • 16-06-2020, 15:05
    • 372

“Üç aydır, su üzünə həsrətik”- MƏRDƏKANLILAR -VİDEO

"Mərdəkanda  artıq 3 ay olacaq ki, su gəlmir, gələndə də çox az. Bu su ilə nə paltar yuya bilirəm, nə çimə bilirəm, nə də iş görə bilirəm. Nəyə görə damcı-damcı gələn suya görə pul ödəməliyəm”.  

Bu barədə News24.az-a Pərvər Qafarova adlı şikayətçinin məktubunda bildirib. Onun sözlərinə görə, su yalnız gecə saatlarında təzyiqlə verilir: “Gecə su kimə lazımdı axı. Burda gündüz ya gəlmir, ya da cox az şəkildə verilir. Qapıya su pulu qəbzini  vurublar, su görürük ki, pul da ödəyək?! Bütün sular Mərdəkanda bağ evlərinə, villalara verilir”. 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, News24.az-a açıqlamasında faktı təsdiqləyib: “Rejim pozulmaları və təzyiqin aşağı düşməsi səbəbindən Mərdəkan, Şüvəlanın bir hissəsində suyun zəif verilməsi halları müşahidə edilir:       
“Suya tələbatın kəskin artması ilə bağlı, bizdə rejim pozulmaları baş verib, pandemiya dövrü ilə əlaqədar insanların daha çox evdə qalması, sudan daha çox istifadə etməsi, iyun ayının birinci ongünlüyündə havaların istilənməsi, bağlarda, həyət evlərində içməli sudan suvarma məqsədilə işlədilməsi suya tələbatı kəskin artırıb. Baxmayaraq ki, bizim mənbələrimiz tam gücüylə işləyir, amma yenə də rejim pozulmaları baş verdi. Bəzi ərazilərdə problem yarandı.
Eyni zamanda, Masazır, Binəqədi qəsəbəsi, Sabunçu ərazisinin bir hissəsi, Balaxanı qəsəbəsinin bir hissəsi, Bağlar massivində, Şüvəlanda, Mərdəkanda təzyiqin aşağı düşməsi suyun azalmasına səbəb oldu. Amma bu istiqamətdə bizim işimiz davam edir. Mütəxəssislərimiz tənzimləmələr aparır ki, hər bir ərazi içməli su ilə təmin olunsun”.

Afaq Mirayiq