Ölüm cəzası lazımdırmı? - Müşfiq Abbasov yazır
    • 23-06-2020, 13:50
    • 1 686

Ölüm cəzası lazımdırmı? - Müşfiq Abbasov yazır

Facebook səhifəmdə ölüm cəzasının bərpa edilib-edilməməsi ilə bağlı  sual paylaşmışdım. Əksəriyyət bu cəzanın bərpasının və tətbiqinin tərəfdarı olduğunu yazdı. Onların fikrincə, uşaq qatilləri, xeyli sayda insanı öldürən qəddar cinayətkarlar, dövlətə xəyanət edənlər mütləq ölümlə cəzalandırılmalıdır. İnsanların bu mövqeyi başa düşüləndir. Onlar acımasız qatillərin, millətini, dövlətini satan cinayətkarların ən ağır formada cəzalandırılmasını istəyirlər. 

Azərbaycanda ölüm cəzası 1998-ci il fevralın 10-da Cinayət Məcəlləsindən çıxarıldı. Həmin dövrədək həbsxanalarda 128 nəfər məhkum bu cəzanın icra olunmasını gözləyirdi. Ölüm cəzası Bayıl həbsxanasında güllələnmə ilə icra olunurdu. Gözləri bağlı məhkumun ürəyinə vurulan bir güllə onu həyatdan məhrum edirdi. 1994-cü ildən Azərbaycanda ölüm cəzasının icrası təxirə salınmış və bu səbəbdən sabiq müdafiə naziri Rəhim Qazıyev, baş nazir Surət Hüseynov, OMON-un komandiri Elçin Əmraslanov və başqalarına təyin edilmiş ölüm cəzası icra olunmamış qalmışdı. 1998-ci ildə isə bu cəza tamamilə ləğv edildiyindən həmin işlərə yenidən baxıldı, məhkəmə qərarları ilə ölüm cəzası digər cəzalarla əvəz olundu. 
Amma gəlin görək, ən ağır  cəza növü ölümdürmü? Bu barədə fikirlərimi başa düşülən formada sizinlə bölüşmək istəyirəm. 

Ondan başlayaq ki, yaşamaq hüququ digər hüquqlardan tam fərqlidir. İnsan həyatı heç nə ilə əvəz oluna bilməz və bunun qarşılığı yoxdur. İnsanı həyatdan mərhum etməkdən ağır cinayət də ola bilməz və bunu etmiş şəxs çox sərt cəzalandırılmalıdır. Lakin biz bir şeyi nəzərə almalıyıq ki, cəzanın məqsədlərindən biri məhkumu islah etmək, onu cəmiyyət üçün yenidən faydalı və lazımlı insana çevirməkdir. 

Təsəvvür edin, iyirmi yaşında bir əsgər mübahisə zamanı əlində olan avtomat silahla iki əskəri öldürüb və məhkəmə hökmü ilə ölüm cəzasına məhkum olunur. Gənc yaşında insanın tam formalaşmaması, şəxsiyyət kimi hələ yetişməməsi, cəzasının 20-30 ilini çəkdikdən sonra bağışlanmaq hüququnun olması unudulmamalıdır. Axı, Allah da bağışlayandır. Həbsxanada otuz il cəza çəkmiş şəxsin tamamilə müsbət yöndə dəyişməsi mümkün ola bilməzmi? 
 
Dəfələrlə olub ki, uzun müddət cəza cəkmiş şəxslərin günahsiz olduğu ortaya çıxıb. Bu halda həmin şəxs azad olunur, dövlət tərəfindən ona maddi və mənəvi zərərə görə kompensasiya ödənilir. Ölüm cəzasına məhkum edilən və cəzası icra olunan şəxsin bir neçə ildən sonra günahsız olduğu müəyyən edilsə, bəs dövlət bunu necə kompensasiya edəcək? İstənilən məbləğdə pul və ya digər maddi təminat kiminsə həyatının qarşılığı ola bilərmi? Təbii ki yox. Ölüm hökmü ilə həyatdan məhrum edilmiş şəxsin sonradan günahsızlığı sübuta yetirilərsə, dövlət bunu necə kompensasiya edəcək? Axı, insan həyatı əvəzedilməz və qarşılıqsızdır. 

Ən ağır cəzaya gəldikdə isə kim sübut edə bilər ki, ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzasından daha ağırdır. Ümumiyyətlə, məhkəmə hökmü ilə kimisə öldürmək cəza deyil axı... Bu, qisasdır. Dövlət isə vətəndaşından “qana-qan”  şəklində qisas almamalıdır. Ölüm cəzasının mövcudluğu hüququn mahiyyəti ilə yanaşı cəzanın da fəlsəfəsinə ziddir. 

Hazırda Azərbaycanda ömürlük azadlıqdan məhrum edilən şəxslərin hamısı Qobustan həbsxanasında cəza çəkir. Məndə olan məlumata görə, onların sayı təxminən yüz nəfərə yaxındır. Ən ağır cinayət törətmiş həmin şəxslərlə aparılan söhbətlər insanı düşünməyə vadar edir. Əksəriyyəti ölüm cəzasına razı olduqlarını bildirir, təki ömürlük cəzadan xilas olsunlar. Hətta dözə bilməyib intihar edənlər və ya buna cəhd göstərənlər də var. Bu yazdıqlarımı güman edirəm ki, çoxları birmənalı qəbul etməyəcək. Bunu anlamaq üçün ömürlük azadlıqdan mərhum etmə cəzasına məhkum edilib həmin cəzanı çəkmək lazımdır. O zaman hansı cəzanın ağır olduğunu anlamaq olar. 

Allah heç kəsin yolunu həbsxanadan salmasın. Dünyada cəmi bir günahsız adamın belə yalnış məhkəmə qərarı ilə ölüm cəzasına məhkum edilməsi həmin cəzanın ədalətli olmasını, hüquqiliyini tamamilə şübhə altına alır. Bu səbəbdən ölüm cəzasının Cinayət Məcəlləsindən çıxarılması anlaşılandır. 

Müşfiq Abbasov