“Çimərlikdə qaydaları pozanlar cəzalanmalıdır” – Boğulmaların hava ilə əlaqəsi – EKSPERT danışdı
    • 7-08-2020, 10:10
    • 2 030

“Çimərlikdə qaydaları pozanlar cəzalanmalıdır” – Boğulmaların hava ilə əlaqəsi – EKSPERT danışdı


“Qeyri çimərlik anlayışı ləvğ edilməlidir”.


Bunu News.az-a açıqlamasında dənizdə boğulma hallarının səbəbləırindən danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspert dənizdə boğulma hallarının əsas səbəblərini belə izah edib: “Yayda insanların ən çox istirahət etdiyi, sərinləmək üçün getdiyi yerlərdən biri də çimərliklərdir. Ancaq təəssüflər olsun ki, suda boğulma halları da qaçılmaz olur. Nə qədər maarifləndirmə aparılsa belə yenə də insanlar öz həyatlarına biganə yanaşırlar. İstirahət vaxtlarını xoş və mənalı keçirməyi fikirləşmələrinə rəğmən insanların məsuliyyətsizlik etmələri sonda bədbəxt hadisələrə gətirib çıxarır. Çimərlikdə boğulmaya birinci səbəb insanların hava şəraitini düzgün seçməməsi, digəri isə qeyri çimərlik ərazilərin olması və burada heç bir təhlükəsizlik tədbirlərinin görülməməsidir. 

Birinci növbədə insanlar çimərliyə gedərkən hava şəraitini nəzərə almalıdır. Boğulma hallarına nəzər yetirsək, əsasən, küləkli havada vətəndaşların çimərliyə üz tutduğunun şahidi oluruq. İkinci nüans isə bundan ibarətdir ki, insanlar hansı çimərliyi seçdiklərinə diqqət yetirməlidir. Natəmiz və nəzarətsiz olan çimərliklərə getməmək məsləhətdir. Bir məsələni də qeyd edim ki, insanlar həmişə adətən eyni çimərliyə üz tuturlar. Getdikləri yerdə suyun hansı səviyyədən dərinləşdiyini, suyun dibində daş kəsəyin olub-olmamasını bilirlər. Ancaq nəzərə almaq lazımdır hava küləkli və dənizdə dalğa olduğu təqdirdə, dünən ilə bu gün arasında fərq yaranır. Yəni suyun dibi fiziki olaraq dəyişə bilər. Yarğanlar və su axınları əmələ gələr bilər. Bu da gözlənilməz haldır və sonda xoşagəlməz hadisə ilə bitmə ehtimalı yüksəkdir. Ona görə küləkli havadan sonra çimərliyə gedənlər dünənki hava şəraitini nəzərə almalıdır”. 

E.Nurəliyəv fikrincə, ümumiyyətlə, qeyri çimərlik anlayışı ləvğ edilməlidir. Yəni çimərlik varsa, orada lazım olan bütün təhlükəsizlik tədbirləri görülüb, sonra insanların ixtiyarına buraxılmalıdır. Bununla bağlı bir neçə dövlət qrumu da müştərək işləyə bilər. Hazırda çimərliklərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları nəzarət edir. Demək olar ki, hər gün boğulma təhlükəsi ilə üzləşən onlarla insanı xilas edirlər. Onu da qeyd edim ki, keçən ilin məlumatında boğulma hallarının demək olar ki, heç biri Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşlarının xidmət apardığı yerlərdə baş verməyib. Deməli, nəzarət olarsa, çimərlikdə boğulma halları baş verməz. Bu məntəqələrin və əməkdaşlarının sayı artırılsa, qeyri çimərliklər nəzarətə götürülsə, boğulma halları da azalar”.

O, hesab edir ki, Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşlarına çimərlikdə qayda pozanlarla bağlı inzibatı cəza tədbirlərinin görülməsi ilə bağlı bir səlahiyyətin verilməsi daha məqsədə uyğun olardı: “Çünki bəzən qaydaları pozanlar xilasedici nəzarətçilərin qanuni tələbinə məhəl qoymur, onlarla mübahisə edir, hətta fiziki qüvvəyə qədər tətbiq edənlərinə belə rast gəlmək olur. 
Bundan əlavə, süni su hövzələri, çaylar, göllər və anbarlara da nəzarət olmalıdır. Ümumiyyətlə, bu kimi yerlər əsasən də süni su hövzələri və göllər ya bələdiyyələrin balansında olur, ya da hansısa özəl və ya dövlət müəssisəsinə uzun müddətlik icarəyə verilir ki, bunun da təhlükəsizliyini həmin icarədar həyata keçirməlidir. Buranı dəmir məftillər və ya digər vasitələr ilə hasara almaq olar. Xəbərdaredici nişanlar qoymaq və müvafiq qurumlara müraciət etmək olar ki, bununla bağlı işlər görülsün. Yəni bu kimi yerlərə nəzarət olmazsa və insanlar da öz həyatlarına biganə yanaşıb, həmin ərazilərə gedərlərsə, bədbəxt hadisələr qaçılmaz olar”.

Ekspert vurğulayıb ki, çimərliyə günün qızmar vaxtında - 12:00-16-00 və qaranlıqda girmək məsləhət deyildir: “Birdə yadda saxlamaq lazımdır ki, əlverişsiz havada - yən duman, yağış, külək olduğu halda dənizə girmək çox təhlükəlidir. Harada ki xilasetmə xidmətinin xilasediciləri, qadağanedici nişanlar yoxdur, sahili natəmizdir və daş, çınqıl kəsəkləri, şüşə qırıqları ilə doludur ora gətməmək lazımdır. Çimərlikdə alkoqol içkilər qəbul etmək olmaz. Bu, birbaşa insan həyatı üçün təhlükəlidir. Həm spirtli içki qəbul edən şəxsi gün tez vurar, həm də suda boğulma riski artar. Çimərlikdə qəbul ediləcək qidalara diqqət etmək lazımdır. Yağlı, qızardılmış yeməklər və konservantlar, həmçinin, spirtli içkilərin qəbulu məsləhət görülmür. 

Son olaraq qeyd edim ki, insanlar öz həyatlarının məsuliyyətini özləri daşıyır. Təhlükəsizlik qaydalarına riayət etmək lazımdır ki, bədbəxt hadisələr ilə qarşılaşmayaq”.

Məhərrəm Əliyev