“Niyazi və Azərbaycan – Türkiyə mədəni əlaqələri” adlı Beynəlxalq Konfrans keçirildi
    • 21-08-2020, 11:39
    • 341

“Niyazi və Azərbaycan – Türkiyə mədəni əlaqələri” adlı Beynəlxalq Konfrans keçirildi

Avqustun 20-də Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatlarının, C.Nehru adına Beynəlxalq mükafatın laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun anadan olmasının 108-ci ildönümü münasibətilə “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” mövzusunda onlayn qaydada beynəlxalq elmi-praktiki konfrans keçirilib.

News24.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva çıxış edərək Niyazinin Azərbaycanın və bütövlükdə türk dünyasının mədəniyyətində dərin iz buraxdığını, özündə həm milliliyi, eyni zamanda, bəşəriliyi ehtiva etdiyini, müxtəlif ölkələrdə Azərbaycan, Türkiyə və xarici ölkə bəstəkarlarının əsərlərinə dirijorluq edərək, onları bütün dünyaya tanıtdığını vurğulayıb.

Niyazinin adının hər zaman həm Azərbaycanda, həm də Türkiyədə sevgi ilə anıldığını qeyd edən G.Əfəndiyeva ulu öndər Heydər Əliyevin Niyazi ilə münasibətlərindən danışıb, üç il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Niyazinin abidəsinin açılış mərasimini xatırladıb.

Azərbaycan–Türkiyə münasibətlərinə toxunan Fondun prezidenti deyib: “Bu gün Azərbaycan–Türkiyə əlaqələrinin hər bir sahədə - siyasi, ictimai, mədəni və digər istiqamətlərdə inkişafından biz qürurla danışırıq. Əminliklə deyə bilərəm ki, Niyazi Azərbaycan–Türkiyə mədəni əlaqələrinin ənənələrini formalaşdıran şəxsiyyətlərdən biridir”.

O, həmçinin konfransın materialları, eləcə də Azərbaycan və Türkiyə muzeylərinin arxivlərində saxlanılan materiallar əsasında Fondun himayəsi ilə “Niyazi və Azərbaycan–Türkiyə mədəni əlaqələri” kitabının nəşr olunmasını təklif edib.

Konfransda Azərbaycandan və Türkiyədən iştirak edən alim və mütəxəssislər - Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Alla Bayramova, İstanbul Universitetinin professoru Fethi Gedikli, Azərbaycanın Əməkdar artisti, Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlı, Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov, İstanbul Universiteti Konservatoriyasının musiqişünaslıq kafedrasının magistri Ecem Tuğçe Akbulud, azərbaycanlı gənc bəstəkar Sara Dilruba maestro Niyazinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin yaradılması və inkişafında mühüm rolundan, onun Türkiyənin incəsənət xadimləri ilə dostluğundan söhbət açıblar.

Tədbirdə, həmçinin görkəmli türk pianoçusu İdil Biretin konfransa göndərdiyi Niyazi ilə bağlı yazılı xatirələri səsləndirilib.
Videokonfrans maraqlı fikir mübadiləsi ilə davam edib.