Ekspertlər yeni dərs ilindəki qərarlardan DANIŞDILAR:
    • 28-08-2020, 18:23
    • 690

Ekspertlər yeni dərs ilindəki qərarlardan DANIŞDILAR: "Zərərin harasından dönsək kardır, amma DÖNƏ BİLMİRİK"

Təhsil Nazirliyinin yeni tədris ilinin təşkili ilə bağlı dünən keçirdiyi brifinqdə bir çox suala aydınlıq gətirildi. Yeni qərara əsasən, Azərbaycanda tədris müəssisələri xüsusi şərtlərlə 15 sentyabrdan etibarən fəaliyyətini bərpa edəcək. Ancaq buna baxmayaraq hələ də, qaranlıq məqamların olması insanlarda çaşqınlıq yaradıb.

News24.az
məlum qərarları təhlil etmək üçün ekspertlərin fikirlərini öyrənib.

Təhsil eksperti Kamran Əsədov tədrisin bərpasını müsbət qiymətləndirsə də, yoluxmaların sayına təsir edəcəyini vurğulayıb və digər məqamları belə şərh edib: 

“Məktəblərin bərpası olduqca müsbət bir addımdır. Şagirdlər onlayn qaydada təhsili tam mənimsəyə bilmirdilər. Ən azından həftədə 2-3 dəfə tədris  prosesinə qoşulmaqla müəyyən qədər cari biliklərə yiyələnə biləcəklər. Hesab edirəm ki, yalnız ibtidai siniflərin dərsə getməsi, yuxarı siniflərin onlayn qaydada tədrisə qoşulması əvvəlki problemləri yenə də aktual olaraq saxlayacaq. Zənnimcə, bütün təhsil pilləsi müəyyən normalar və qaydalarla dərs prosesinə qoşulmalı idi. Xüsusilə, ali təhsil müəssisələrinin iki və üçüncü kurslarını həftədə 2-3 dəfə olmaqla tədris prosesinə qoşmaq mümkün idi. 

Bütün hallarda tədris prosesinin açılması yoluxmaların sayına təsir göstərəcək. 1-ci sinif və bağçada tədris alan uşaqları valideynləri ictimai nəqliyyat vasitəsilə aparır. Bu zaman təbii ki, birbaşa yoluxma sayı artacaq. Məktəblər üçün xüsusi avtobuslar ayrılmalı və tibbi personallar cəlb edilməlidir ki, hər hansı bir xoşagəlməz hal olarsa, yerində müdaxilə mümkün olsun. 

Az müddətdə şagirdlərin dərsə getməsi onlara mövzunu mənimsəməkdə müəyyən çətinliklər yarada bilər. Dərsliklərdə sadələşdirilmə olmalıdır. Yuxarı siniflərdə təbiət və texniki fənnlərdə bu problemlərin yaşanacağını gözləyirik”.  

Təhsil eksperti Qoşqar Məhərrəmov təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqin nəticələrini yüksək qiymətləndirməsə də qənaətbəxş hesab edir:

“İbtidai siniflərlə əlaqədar olan qərarı normal hesab edirəm. Əvvəlcə həftədə 2-3 dəfə, sonrakı həftələrdə isə 5 dəfəyə qədər tədris prosesinə qoşulmaq mümkündür. Bu, ən azından heç olmamağından yaxşıdır. Müəllimlər burada onlayn resurslardan istifadə edəcək. İnfrastruktura malik evlərdə olan uşaqlar erkən yaşlardan etibarən təhsil texnologiyalarını öyrənəcək, daha lakonik desək, elektron öyrənən şagirdlər formalaşacaq. 5-9-cu siniflər üçün məlumdur ki, oktyabrın 1-dən tədris prosesi bərpa olunacaq. Bu siniflərin sentyabrda dərslərə qoşulmaması üçün bir problem görmürəm. Çünki mart ayından etibarən uşaqlar küçədə oynayır, əylənirlər. Ancaq bununla yanaşı, onlarda virusa yoluxma hadisəsi müşahidə edilməyib”. 

Ekspert hesab edir ki, təhsil mövzusunda bütün ölkə miqyasında ortaq tədbirlər alınmamalıdır: “Mart ayından bizim şəhərlərimiz pandemiyaya müxtəlif reaksiyalar göstərir. Bəzi şəhərlərdə yoluxma müşahidə edilməyib. Hansı şəhərlərdə virus yox idisə, o məktəbləri bağlamaya bilərdilər. Nazir özü də bu məsələni vurğuladı. Bizim karantin elan olunmayan şəhərlərimizdə sentyabr ayında dərs başlamayacaq. Səbəb isə məlum deyil. Eyni zamanda, özəl tədris müəssisələri ilə bağlı verilən cavab qaneedici deyildi. Buna görə də bu brifinqin nəticələrini 100 üzərindən 80% qiymətləndirirəm. 

Hazırlıq mərkəzləri ilə bağlı bir fikir deyilmədi. Bu məqamda da uzatmağa bir səbəb görmürəm. Çünki onlar da bir biznes mərkəzidir. Oradan da məvacib alan minlərlə insan var. Onların da haqqında bir qərar verilməli idi. Ali təhsil müəssisələri ilə bağlı 1-ci kurslar istisna olmaqla digər kurslar distant təhsil alacaqlar. Bizim distant təhsillə bağlı infrastrukturumuz və şagirdlərimizin hazırlığı olmadığı üçün bu məsələdə geri qalmışıq. Zərərin harasından dönsək, kardır deyirik. Ancaq hələ ki dönə bilməmişik. Ali məktəblərdə distant təhsildən əziyyət çəkən, magistraturaya hazırlaşmayan, ixtisasınızı öyrənə bilməyən yüzlərlə kadr var. 4-cü kurs universitetin son ilidir. Onlayn praktika qazanmaq müşkül məsələdir”. 

Məhərrəm Əliyev