Parta yoldaşı olmayan BİRİNCİLƏRİN MƏKTƏBDƏ İLK GÜNÜ - VİDEOREPORTAJ - FOTOLAR
    • 15-09-2020, 19:02
    • 1 696

Parta yoldaşı olmayan BİRİNCİLƏRİN MƏKTƏBDƏ İLK GÜNÜ - VİDEOREPORTAJ - FOTOLAR

"Ana, burada dayan, uzağa getmə", "Sən də yanımda otur".. Bu cümlələri qədəmlərini ilk dəfə məktəbə qoyan birincilərin dilindən eşidirik. Bu gün də həmin birincilərin günü idi, amma daha fərqli... 


Altı aylıq fasilədən sonra ölkədəki bütün məktəblərin qapısı məhz birincilərin üzünə açıldı. COVİD 19 pandemiyası dönəminə təsadüf edən builki "Bilik Günü" adi dərs günlərindən biri kimi qaldı xatirimizdə. Bu bizim üçün belə idi, amma bu günün xüsusi qəhramanları var idi - birincilər. Biz də News24.az olaraq bu günü 160 saylı Klassik Gimnaziyanın birinciləri ilə birgə keçirmək qərarına gəldik. 


Məktəblərdə bu dəfə ənənəvi, təmtəraqlı bayram ab-havası yox idi. Məktəb həyatının mahiyyətini hələ tam dərk etməyən birincilər ilk dərs günlərində heç nəyə baxmayaraq fərqli hisslər yaşadılar. Yeni dərs ilinin başlamasına sevinən kim, ağlayaraq tez evə qaçmağa tələsən kim. Biri sevincindən sinifə daxil olmaq üçün can atır, kimisi də valideyninin əlini bərk-bərk tutub məktəb həyatına addım atmağa ehtiyat edir. Qızlar ətəkdə, ağ və göy bantlarla, oğlanlar isə xüsusi köynək-şalvarda. Birincilər bu gün yeni həyata qədəm qoyurlar, amma onların birinciliyi daha fərqli dövrə təsadüf edir. Pandemiya şəraitində təhsil müəssələrinin fəaliyyəti müvafiq qaydalar və təlimatlara uyğun şəkildə həyata keçirildi. Məktəbə daxil olan bütün şagirdlərin ilk olaraq qızdırması ölçüldü, daha sonra isə əlləri dezinfeksiya olundu. Hər biri də sosial məsafəni qorumaq məqsədi ilə tək parta arxasında əyləşdilər. Bəli, onların bu gün parta yoldaşı da olmadı. Amma onlar birincilərdir, adları tarixə düşən birincilər. 


160 nömrəli klassik gimnaziyanın direktoru Faina Ələkbərova News24.az vasitəsi ilə birincilərə uğurlar arzu edib: "Hər birimiz yeni tədris ilinin başlamasına görə çox sevincliyik. Baxmayaraq ki, bir çox problemlər oldu, amma məktəblər yenidən fəaliyyətə başladı və bu çox gözəl bir hissdir. Yeni tədris ilinin aşılanmasını və proqramlaşdırılmasını çox bəyəndim. Kiçiklər həm əyanı, həm də qiyabı şəkildə dərslərinə girəcəklər. Bütün siniflər iki yerə bölünəcək. Bu gün 1B sinifinin yarı hissəsi məktəbə gəlib, sabah ikinci hissə gələcək. Düzdür, məktəbimizdə kabinetlərimiz çox böyükdür, amma yenə də qaydalara əməl olunmalıdır. Çox şükür ki, birincilərimizin hər biri sağlamdır, heç bir problemlə qarşılaşmadıq. Valideynlər də bizi anladılar. Çünki, əsas sağlamlıqdır. Bilirsiniz, canlı dərslərin uşağın inkişafında çox böyük rolu var. Canlı dərs vasitəsilə onlar həyatda sosiallaşırlar. Uşaqların özlərini cəmiyyət içində düzgün aparmağı bilməlidir. Bunların da hər birini onlayn şəkildə aşılamaq çox çətindir. Buna görə də bacardığımız qədər canlı dərslərə daha çox vaxt ayıracağıq".


Valideynlər də ən az uşaqları qədər həyəcanlı idilər. Övladlarını birinci dəfə məktəbə yola salan valideynlərinin övladlarına olan ümid, sevinc və arzuları sonsuz idi. Bu gün News24.az saytının baş redaktoru Ülkər Qasımovanın övladı Fərəh Quluzadə də sözügedən məktəbin 1 B sinifində təhsil almağa başlayır. Birinci anası olmağın sevincini bölüşən Ü.Qasımova, bu hisslərin inanılmaz həyəcanlı olduğunu da qeyd edib: "Mən bu anı bütün valideynlərə yaşamağı arzu edirəm. Sözsüz ki, bundan sonrakı mərhələlərdə onları daha böyük uğurlar, fəxr ediləsi günlər gözləyir. Amma bu günün xüsusi bir özəlliyi var. Baxmayaraq ki, bu ilki birincilər pandemiya şəraitində məktəbə gedirlər, amma bunu da özəlliyi var. Eyni zamanda altı aylıq fasilədən sonra məktəblərin məhz bizim övladlarımızın üzünə açılması çox sevincli məqamdır. Ölkəmizin bu bəladan tamamilə qurtulması üçün hər birimiz əlimizdən gələni etməliyik. Çünki övladlarımız bizim gələcəyimizdir. Bu gün qədəmlərini ilk dəfə məktəbə qoyan birincilər həqiqətən də tarix yazır. Zaman gələcək onlar bu tarixi anı müsahibələrində qeyd edəcəklər. Onlar ilk gündən mübarizə əzmi və xüsusi nizam-intizamla məktəb həyatına başlayırlar. Bununla yanaşı, Azərbaycanın dəyərli müəllimlərinə də minnətdarlığımı bildirirəm. Onlar Azərbaycanın gələcəyi üçün var gücləri və xüsusi əzmlə çalışırlar. Bu dönəm onların da sınağıdır. Ona görə də dəyərli müəllimlərimizə əzm və səbr arzu edirəm". 


Elə şagirdlər qədər sevincli və həyəcanlı olan müəllimlərin isə yeni tədris ilində şagirdlərdən gözləntiləri böyükdür. 1 B sinifinin rəhbəri, 50 şagirdi olan Tamara Ələkbərbəyova fikirlərini bizimlə bölüşdü: "Uzun fasilədən sonra şagirdlər yenidən doğma məktəblərinə qovuşdular. Onlayn təhsili nə qədər çətin olsa da birincilərimiz bu sınaqdan uğurla keçdilər. Onlar qəbul imtahanlarını məhz onlayn şəkildə keçdiklərinə görə bu prosesə artıq öyrəşiblər. Əsas çətinlik dərsin qiyabı olmasında idi. Çünki biz uşaqlarla canlı çalışmağa öyrəşmişdik, amma əsas nəticə idi. Onu da deyək ki, məktəbdə şagird qəbulundan öncə dezinfeksiya işləri həyata keçirilib, uşaqlar da gigiyenik qaydaları bilirlər".  


İnanırıq ki, bu birincilər istər müəllim, istərsə də valideynlərinin ümidlərini doğruldub Vətənə, dövlətə faydalı vətəndaş kimi yetişəcək və Azərbaycan bugünkü birincilərlə daima fəxr edəcək. "Bilik günü"nüz mübarək, əziz birincilər!

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov