Deputat: “Biz öz evimizi səngərə çevirib HAZIRLIQLI OLMALIYIQ”
    • 6-10-2020, 11:20
    • 395

Deputat: “Biz öz evimizi səngərə çevirib HAZIRLIQLI OLMALIYIQ”

“Ermənistan tərəfi Ordumuzla mübarizədə uğursuzluğa düçar olduqca mülki əhalini hədəf alır”.

Bunu News24.az-a açıqlamasında Ermənistanın son günlər Azərbaycan sivillərini hədəf almasını təhlil edən deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, biz ilk olaraq Ermənistan tərəfindən sivil insanlarımızın atəşə tutulması və raketlərin atılmasını başda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı olmaqla bütün dünyaya və beynəlxalq qurumlara təqdim etməliyik: “Ermənistanın qəsdən öz ərazisindən Azərbaycanı vurmasına əsas səbəb kimi bizi hansısa münaqişəyə cəlb etmək istəyinin olduğunu izah etməliyik. Təbliğatı önə çəkməliyik. Ermənistan hələ anlamır ki, Azərbaycanın mülki insanlarını vurmaqla, 5-10 evi dağıtmaqla əslində, onlar bütün Azərbaycan xalqını daha əzmkar və birləşmiş formada cinayətkar erməni terroruna qarşı mübarizəyə sövq edirlər. 

Nə qədər iyrənc addım atsalar da, Azərbaycan tərəfi cəmiyyət olaraq daha çox ruhlanır və düşmənə qarşı iradəli formada dayanır. Ermənistanın bu taktikası onlara o qədər də xeyir verməyəcək. Raket zərbələri ilə nəyisə həll etmək mümkün olmayacaq. Zərər yetirmək və evləri dağıtmaq olar. Ancaq Ordumuzla üz-üzə gəldikdə, bunu gerçəkləşdirməyə cürəti olmayacaq və Azərbaycan əsgəri layiqincə cavablarını verəcək”. 

F. Mustafanın sözlərinə görə, ermənilər çıxılmaz vəziyyətdədirlər: “Dəstək almaqda çətinlik çəkirlər. Hətta ABŞ və Rusiyadan belə gözləntiləri boşa çıxır. Çünki buna arqument yoxdur. Başqasının torpağında mübarizə aparmağın adı yoxdur. Rusiya televiziyasını izləyirəm. Guya deyirlər ki, Azərbaycan 300 suriyalı gətirib. Bu suriyalılar kimdir axı? DAEŞ terror təşkilatının üzvləridirsə, onlara qarşı Türkiyə savaşır. Hərbi-siyasi təşkilat olan “Hizbullah”dırsa, onlar İran yönümlüdür və ermənilərə prinsipcə dəstək verməlidir. Ərəb terroristləridirsə, onlar döyüşmək üçün maraqlı deyillər. Elə Türkiyə Ordusu onları sıradan çıxardı. Azərbaycanın heç bir yaraqlı dəstəyə ehtiyacı yoxdur. Bizim Səfərbərlik xidmətlərinin binalarının önündə insan izdihamından tərpənmək olmurdu. Hətta könüllü gedənləri belə geri qaytarırıq ki, qüvvəmiz çox böyükdür. 

Ermənilər son çıxış yolllarından istifadə edirlər. Biz cəmiyyət olaraq hər bir şəhərimizi, evimizi səngərə çevirib, onların qüvvələrinin qarşısında hazırlıqlı olmalıyıq. Müharibə gedir və arxayınlaşmağa ehtiyac yoxdur. Cəbhədə uğurlarımız artdıqca erməni aqressivliyinin fərqli formalarda genişlənməsinin şahidi olacayıq. Bu, onların son çırpıntılarıdır. Azərbaycan ordusu ən sərt formada cavablarını verəcək”.  

Məhərrəm Əliyev