"Yoluxma buna görə artır..." - Baş infeksionist DANIŞDI
    • 20-10-2020, 13:00
    • 343

"Yoluxma buna görə artır..." - Baş infeksionist DANIŞDI

"Vətəndaşlarımız arxayın olmamalı, vəziyyətin ciddiliyini nəzərə almalıdır".

Bunu ölkənin baş infeksionisti Təyyar Eyvazov News24.az-a açıqlamasında son günlər artan yoluxma hallarını dəyərləndirərkən deyib.

Baş infeksionistin sözlərinə görə, koronavirusa yoluxma hallarının artımı payız-qış mövsümünə proqnozlaşdırılırdı:

“Əslində, artımın özü yox, onun səviyyəsi bizi daha çox narahat etməlidir. Biz görürük ki, əhatə olunduğumuz ölkələrdə də bu proses baş verir. Səbəbləri şərti olaraq iki qrupa ayırmaq olar. Birinci qrupa aid olan səbəblər təbiidir. Yəni mövsümlə əlaqədar günəş şüalarının ekspozisiyasının azalması, havanın temperaturunun aşağı düşməsi və dəyişkən olması nəticəsində insanlar daha az hallarda açıq məkanlarda
olur, toplaşdığı bağlı yerlərdə təmaslar artır, havalar soyuq keçdikdə pəncərələr bağlı saxlanılır. 

Vətəndaşlarımız havaya uyğun düzgün geyim seçməkdə çətinlik çəkirlər. Nəticədə tərləyir və ya soyuqlayırlar. Həmçinin, soyuq havada yuxarı tənəffüs yollarının infeksiyalara qarşı müqaviməti bir qədər zəifləyir. İkinci qrup səbəblər isə bizim üçün daha əhəmiyyətlidir. Çünki bunlar korrektə oluna bilər. Bu isə əhalinin davranışı ilə sıx bağlıdır: maskanın düzgün taxılması, sosial məsafənin gözlənilməsi, təmasların azaldılması, respirator gigiyena qaydalarına əməl olunması, əllərin gigiyenası s. Son zamanlar məhz bu qaydalara bir o qədər də ciddi riayət olunmur. Xüsusən də son vaxtlarda yoluxanların sayının bir müddət az olması əhalidə arxayınlıq yaradıb”.

T. Eyvazov qeyd edib ki, vətəndaşlarımız vəziyyətin ciddiliyini başa düşməlidir: “Qoruyucu maskalardan düzgün istifadə olunmalıdır. Yalnız ağız deyil, burun da örtülməlidir. Maska uzun müddət və təkrar istifadə edilməməlidir. Taxılma və çıxarılma qaydalarına riayət etmək lazımdır. Maskanın xüsusən ön tərəfinə əl vurulmadan, yalnız bağları vasitəsilə çıxarılmalıdır. Qeyd etməliyik ki, düzgün istifadə olunmayan maska nəinki qorumur, əksinə sahibinin virusa daha tez yoluxmasına şərait yaradır.

Vacib olan tövsiyələr isə bunlardır:

-Respirator gigiyena qaydalarına əməl olunması vərdişlərinin aşılanması zəruridir (öskürdükdə, asqırdıqda burunun və ağızın dəsmal, salfet və s. ilə və ya dirsək büküşü vasitəsilə örtülməsi).

-Küçədən gəldikdə, qida qəbul etdikdən öncə əllərin gigiyenası qaydalarına ciddi əməl olunmalıdır - alkoqollu məhlulla əllərin ani dezinfeksiyası sabunla 30 saniyə ərzində ÜST-ün tövsiyyə etdiyi qaydalarla yuyulmasını əvəz etmir. Əllər düzgün yuyulmursa, virusun kənarlaşdırılması tam baş vermir və yoluxmaya şərait yaranır.

-Küçədən, əhalinin sıx toplaşdığı yerlərdə olduqdan sonra evə daxil olduqda, əllər ilə bərabər üzün də sabunla yuyulması məqsədəyğundur.
-Kiçik yaşlı uşaqların həyətdə oynadığı zaman toplaşmaya yol verilməməlidir.

-Sosial məsafənin gözlənilməsi mümkün olan yerlərdə buna birmənalı əməl etmək zəruridir.

-Mümkün qədər təmas sayı azaldılmalıdır. 

-Mümkün olduğu hallarda distant iş rejiminə keçmək lazımdır.

-Mövsümlə əlaqədar qidalanmanın düzgün təşkili və immun sistemin normal fəaliyyətinin təmin olunması üçün vitaminli qidalara gündəlik rasionda
üstünlük verilməlidir.

-Hərarət, zökəm, soyuqlama və bu kimi əlamətləri olan insanların yaşadığı yer üzrə tibbi yardım üçün müraciət etməsi önəmlidir.

-Xəstəlik əlamətləri olan insanlar özünü müalicə etməkdən çəkinməlidir”. 

Məhərrəm Əliyev