Qarabağdakı döyüşlər kömpüter oyunları deyil, realdır....
    • 20-10-2020, 12:44
    • 361

Qarabağdakı döyüşlər kömpüter oyunları deyil, realdır....

İnsanlarımız hər gün yeni ərazilərin düşməndən azad olunması xəbərlərini səbrsizliklə gözləyir. Döyüşlər başlayan ilk gündən ordumuz inamla irəliləyir və torpaqlarımızı düşməndən azad edir. Bütün cəbhə boyu hücuma keçən hərbçilərimiz düşmənin 30 ildə qurduğu müdafiə xəttini yardı və ermənilərin uzun illərdir ki, mifləşdirdiyi “məğlubedilməz” ordusunu darmadağın etdi. Suqovuşan, Füzuli, Cəbrayıl, Hadrut və çoxlu sayda kəndlər artıq nəzarətimizdədir. 

Azərbaycan ordusu hər gün inamla irəliləyir. Lakin bu hansısa avtomobilə minərək qazı basıb maneəsiz qabağa getmək deyil. Bəli, dostlar! Cəbhədə real döyüşlər gedir. Bu hansısa kompüter oyunu deyil ki, şəhid olan əsgər az sonra dirilsin və ya yaralı əsgər sehirli içki içib yenidən döyüşə davam etsin. Qarşıda düşməndən təmizlənməli böyük ərazilər var. Məsələn, Kəlbəcərin 145, Qubadlının 93, Laçının 125 kəndi var. Bu kəndlərin hər birini azad etmək üçün nə qədər əziyyət çəkilməlidir. Hər kənd, hər qəsəbə və şəhər şəhidlərimizin və qazilərimizin qanı hesabına alınır. Döyüşlər çox qanlı və intensiv gedir. Tərtərdə olduğum günlərdə bunu yaxından hiss etdim. Düşmən hiyləgər və şərəfsizdir, heç bir döyüş qaydalarına və normalarına əməl etmir.   

Son günlərdə bəzi insanların guya Şuşadan, Laçından canlı yayım açmaları və yaxud guya həmin ərazilərin bizdə olmasını yazması sadəcə əsgərlərimizin işimizi əngəlləyir. Birincisi, bu insanlar anlamırlar ki, həmin ərazilərdə heç bir Azərbaycan mobil operatoru tutmur. Çünki bunun üçün həmin operatorların anten stansiyaları qeyd olunan ərazilərdə quraşdırılmalıdır. Sosial səbəkələrdə sadə insanların bu cür məlumatları paylaşması başa düşülən olsa da, bəzi ali təhsili şəxslərin, hüquqşünasların və vəkillərin bu cür yalan məlumatları öz səhifələrində yayması sadəcə təssüf doğurur. İndi düşünün, cəbhədə Qubadlı şəhəri uğrunda hələ döyüş aparan əsgər biləndə ki, Bakıda danışırlar ki, Qubadlı bizdədir, bu ona pis təsir edəcək. Axı o, hələ bu şəhər uğrunda döyüşür. Bəlkə o, bu şəhər uğrunda şəhid olacaq, bəlkə yaralanacaq, kim bilir. Axı biz onun əziyyətinə, töküləcək qanına niyə belə ucuz qiymət verməliyik.    

Bu gün cənab Prezidentin düşməni sülh danışıqlarına məcbur etməsini hamımız anlamalıyıq. Ali Baş Komandan Ordumuzun şəxsi heyətini, əsgərlərimizin həyatını və sağlamlığını qorumaq istəyir və bu səbəbdən də hərbi əməliyyatların birinci məqsədi torpaqları itkisiz geri qaytarmaqdır. 

Müşfiq Abbasov