Politoloq qaranlıq məqamlara AYDINLIQ GƏTİRDİ – BƏYANATIN İZAHI
    • 10-11-2020, 14:41
    • 430

Politoloq qaranlıq məqamlara AYDINLIQ GƏTİRDİ – BƏYANATIN İZAHI

“Bizim xeyrimizə mümkün olan ən mümkün nəticəni əldə etdik”.

Bunu News24.az-a açıqlamasında Azərbaycan Rusiya və Ermənistan tərəflərinin üçtərəfli bəyanatını təhlil edən Politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, bu sənəd regionda, xüsusilə münaqişə zonasındakı reallıqları əks etdirir:


“Nağıllara və xülyalara qapılmaq lazım deyil. Biz istərdik ki, ümumiyyətlə, sülhməramlılar olmasın. İşğal altında olan torpaqlarımız qeyd-şərtsiz Azərbaycana qovuşsun. Ancaq nəzərə almaq lazımdır ki, bu, 30 il davam edən münaqişədir. Bu münaqişədə maraqlı olan ölkələr, siyasi qruplar, regiondan çox uzaqda yerləşən və təsirli olan qüvvələr var.

Sülhməramlı qoşunların ilk funksiyası erməni tör-töküntülərini münaqişə ərazisindən çıxarmaq olacaq. Gücsüz və itkisiz formada bu proses icra olunacaq. Ermənistan cızıqdan çıxsa, ilk növbədə Rusiyanı qarşısında görəcək. Vətəndaşlarımızın Xankəndi, Ağdərə, Xocalı rayonları ilə bağlı narahatlığını anlayıram, amma əsassızdır. Çünki istisnasız olaraq hər bir vətəndaşımız öz torpağına qayıda biləcək. Şərtlərdə qeyd olunub ki, bizim bütün köçkünlərimiz öz torpaqlarına qayıdacaq”. 


Politoloqun sözlərinə görə bu saziş bizim maraqlarımıza xidmət edəcək: “Türkiyənin bu müqavilədə xüsusi rolu olacaq. Nəzarət məntəqəsində Türkiyə sülhməramlıları da oturacaq. Bu da o deməkdir ki, Türkiyə qarant funksiyasını yerinə yetirir. Proses başqa istiqamətdə cərəyan edəcəyi təqdirdə Türkiyənin hansı addımları atacağını yaxşı bilirik. Buna tam hüququ çatır”. 

İ.Vəlizadə qaçqınlar və köçkünlərlə bağlı məsələni belə izah edib: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq. Həmin ərazilərdə müəyyən idarəetmə sistemi, inzibati qurumlar olacaq və məsələni tənzimləyəcəklər. Bundan əlavə, yerli polis və təhlükəsizlik qüvvələri də fəaliyyət göstərəcək. 

Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə bizimlə birgə yaşaya bilərlər. Yəni Azərbaycan vəsiqəsini almalıdırlar. Hesab edirəm ki, onları məcburi həmin ərazilərə göndərəcəklər ki, yaşasınlar”. 

Məhərrəm Əliyev