Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu - RƏSMİ AÇIQLAMA
    • 26-11-2020, 23:37
    • 456

Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetini tələbəsinin Azərbaycan bayrağına hörmətsizlik etməsi ilə bağlı video yayımlanıb. 

News24.az xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva məsələylə bağlı açıqlama verib. 

O deyib ki, həmin tələbə universitetdən xaric edilib: 

"BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozmuşdur. Bu barədə tələbəyə və valideyninə məlumat verilmiş,  Universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunmuşdur. 

Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etmişdir. 

Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə "Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur”.

Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur.

Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilmişdir. 

Bu haqda özü və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılmış, etdiyi hərəkətlər haqqında məlumat verilmişdir.

Əlavə olaraq bildiririk ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə Birinci, nə də İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirmişdir.
 
Əlavə olaraq bildiririk ki, sosial şəbəkələrdə tələbənin valideyninin Qarabağ qazisi olması ilə bağlı yanlış informasiya verilir.