Sevdiyi qızın anasına ismarıc göndərən Ayaz:
    • 2-12-2020, 16:18
    • 862

Sevdiyi qızın anasına ismarıc göndərən Ayaz: "O videodan sonra əlaqəmiz tamamilə kəsildi" - VİDEO

“Qızı mənə vermirlər. Bir evliliyin ki sonu düşmənçiliklə bitir, mən onu istəmirəm. Allah günahımdan keçsin, mən orada and içmişdim ki, qızı qaçırdacağam, amma artıq qaçırmayacağımı qərara aldım. Çünki anası məni özünə düşmən bilir. Mənim düşmənim isə ancaq ermənidir. Başqa kiminləsə düşmən olmaq istəmirəm”.

Bu sözləri News24.az-a açıqlamasında “Paşinyan Qarabağa binokolla baxan kimi qızına binokolla baxacaqsan, özün bil. Qızı ya ver, ya da ver, başqa variant yoxdur” deyərək sevdiyi qızın anasına ismarıc göndərən və bu müraciətiylə maraq dairəsinə çevrilən əsgər Ayaz Orucov deyib. 

A.Orucov sözügedən videonu qızın anasının görməsi üçün  çəkdiyini etiraf edib: “Bu videonu çəkdim ki, qızın anası görsün, amma bütün Azərbaycan gördü. Mən Tovuzun Dönük Qırıqlı kəndindənəm. Qız bizim rayondandır, qonşumuzdur. Qızla danışırdıq. Məlum videodan sonra əlaqəmizi kəsdilər. Ya telefonunu əlindən alıblar, ya da nömrəsini sındırıblar, bilmirəm. Mənim elçiliyimə görə çox adam ailə ilə danışdı, yola gətirmək istədi, amma alınmadı. Çox çətin insanlardır. O boyda torpaqları çətinliklə almadıq, amma bunlardan qışda qar olmur”.

Ayaz Orucov 1999-cu ildə anadan olub, 21 yaşı var. Cəbhəyə könüllü olaraq gedib və bu tarixin yazılmasında iştirak etməyindən qürur hissi keçirir. Evin tək oğludur, nə bacısı, nə qardaşı var: “Anamdan başqa heç kimim yoxdur. Onu da evdə qoyub cəbhəyə getmişəm. Deyirdilər ki, yetim oğlandır, döyüşə gəlib.  Mənə baxıb hərəkət edirdilər. Amma biz də müharibə zamanı bir addım da geri çəkilməmişik. Qismətdir ölmədik. Burnumuz da qanamadı. Hər şey Allahın əlindədir. 

11 gündür ki, Şuşadan gəlmişəm və hazırda Şəmkirdəyəm. Döyüşə könüllü yazılanlardan biri də mənəm. İlk əməliyyatımız Füzuli istiqamətində oldu. Həmin vaxt şəhid və yaralılarımız olsa da, əməliyyat uğurlu alındı. Daha sonra komplektləşmə həyata keçirildi və biz Şuşa istiqamətindən girdik. Düzdür, bizdən öncə Xüsusi Təyinatlılar Şuşaya artıq girmişdi. Onlar bizim ordumuzun vuran qoludur. Biz də onların arxasınca dəstək kimi getdik. Həmin gün çox şeylər gördük. Hamısını danışsam bir kitab olar. Döyüşdə uşaqların bir nömrəli təsəllisi mən idim. Burda tərif etmək yaraşmaz. Amma həqiqətən də döyüşlərdə bizi heç nə qorxutmadı. Bilirdik ki, yaralını döyüş bölgəsindən çıxaran zaman düşmən bizi atəşə tutacaq. Həmin vaxt bir əsgərimizin görüntüsü, dediyi sözləri heç vaxt unutmayacağam. Biz onu xilas edən zaman dedi ki, “Onsuz da düşmən atır, özünüzü təhlükəyə atmayın. Məni burda qoyub, gedin. Əgər məni yaralı halda tək qoymaq istəmirsinizsə, başımdan vurun gedin. Onsuz da şəhid olmağı sevirəm”. Kişiyə ağlamaq yaraşmaz, həmin vaxt qeyri-ixtiyari gözlərim doldu. Şükür Allaha ki, o uşağı xilas edə bildik. Anası da bizim geri qayıtmağımızı gözləyir. Qurban kəsəcək. Bütün şəhid və qazi anaları bizim də anamızdır”.
 
Ayaz Orucov deyib ki, anası onun cəbhəyə getməsinə etiraz etsə də, o bu şanlı günlərdə döyüşdə olmağı seçib: “Onun balası getməsin, bizim balamız getməsin, bəs kim döyüşsün? Orda olmaq lazım idi. Kimlərin döyüşə çağırışçı kimi çağırıldığını, amma getmədiyini biz görməsək də Allah gördü. Biz heç kimdən heç nə gözləmirik. Biz döyüşdə olduq, siz isə arxa cəbhədə bizə görə dua etdiniz. Bizi saxlayan sizin dualarınız oldu. Vətən Müharibəsində hərənin bir cür dəstəyi oldu. Əlinə silah alıb düşmənə güllə atmaq şərt deyil”.

21 yaşlı Ayaz onu da deyib ki, o meyxana sənəti ilə məşğuldur: “Mən özüm sözlər yazıram. Meyxana sənəti ilə məşğulam. Tanınmış biri deyiləm. Toylara dəvət alırdım, oxuyurdum”.