Bakıda möhtəşəm  "Zəfər paradı" keçirildi - FOTOREPORTAJ
    • 10-12-2020, 17:32
    • 1 094

Bakıda möhtəşəm "Zəfər paradı" keçirildi - FOTOREPORTAJ

Bu gün Bakıda Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradı keçirilib.

News24.az xəbər verir ki, Azadlıq meydanında təşkil edilən paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər.

“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş olundu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tanklarının nümayişi qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiq edib.

Azadlıq meydanında keçid edən, üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarə olunan “SPIKE-ER”, “NLOS”, “LAHAT” raketləri, 120 millimetrlik “SPEAR” minaatanlar quraşdırılan “SandCat-Stormer” zirehli idarəetmə, çevik hərəkət maşınları, piyada daşıyan zirehli maşınlar, “Kobra” və “BTR-82A” zirehli transportyorları, PDM-2 və PDM-3 texnikaları, “T-72”, “T-90S” tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirib.

Daha sonra Azadlıq meydanında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi olub. Kolona müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirov başçılıq edirdi. Tribuna önündən modernləşdirilmiş “OSA-1T”, “S-125 TM”, “BUK-MB”, “İldırım” zenit-raket komplekslərinin, “S-300 Favorit” sistemlərinin keçidi oldu. Ardınca Vətən müharibəsində Qələbənin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” - “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar–BP”, “Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar - “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” PUA-ları nümayiş olunub.

Ardınca Azadlıq meydanına artilleriya silahları sistemlərinin kolonu daxil oldu. Kolona “Zəfər” ordenli general-mayor Ağamir Sultanov başçılıq edirdi. Meydanda özüyeriyən haubitsa və artilleriya qurğuları - 152 millimetrlik “Akasiya”, 152 millimetrlik “MSTA-S”, 203 millimetrlik “Pion”, eləcə də 220 millimetrlik “TOS-1A” ağır odsaçan, tank əleyhinə “Xrizantema-S” kompleksləri, “DANA” özüyeriyən top-haubitsaları, “Qrad”, “RM-70/85”, “BM-21”, “Smerç” yaylım atəşli reaktiv sistemləri, “TR-300 Qasırğa”, “Ekstra” taktiki, “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərinin keçidi olub.

Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu başlayıb. “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamladı. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə “Mİ-35” hücum helikopterləri qrupunun uçuşu oldu. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə “LAHAT” və “SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış “Mİ-17” helikopterlərinin və “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə “MİQ-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılandı. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş “Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamladı. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirib.

FOTO: Fərid Şabanov