"Erməni kimdir ki, qələbə qazansın..." - Şəhid leytenant Elcan Məmmədovun SON SÖZÜ - VİDEO
    • 22-12-2020, 13:40
    • 1 406

"Erməni kimdir ki, qələbə qazansın..." - Şəhid leytenant Elcan Məmmədovun SON SÖZÜ - VİDEO

Şəhidlər vətənimizin, xalqımızın həm qan, həm də qürur yaddaşıdır. Bu dəfə Vətənimizin bütövlüyü, Qarabağımızın düşmən tapdağından azadlığı uğrunda öz qanından, canından keçən daha bir qəhrəmanımızdan danışacağıq. 31 yaşlı leytenantımız Elcan Məmmədov müharibənin ilk günündə Talış yüksəkliyi uğrunda gedən gərgin döyüş zamanı qəhrəmancasına şəhid olub. 

News24.az şəhidimiz haqda videoreportaj hazırlayıb:


Şəhidimizin qəhrəmanlığı, qorxmazlığı hələ uşaq yaşlarına təsadüf edir. Evin tək oğlu olan Elcanın həmişə hərbiyə böyük marağı olub. Ailənin daim fəxri olan Elcan indi bütün Azərbaycanın sevgisini qazanıb.

Leytenantın anası Sahilə Məmmədova oğlundan gözüyaşlı, amma böyük qürurla bəhs edib: "Ailənin tək oğlu idi. Bir qızım, bir də oğlum var. Oğlum getdi, geriyə yalnız qızım qaldı. Elcan ali savadlı idi. İstəsəydi tamamilə fərqli sahəyə gedərdi, amma onun uşaqlıqdan ən böyük arzusu hərbiyə getmək idi. Düzdür, biz bunu istəmirdik. Hər zaman hərbidən qorxurdum, hətta dəfələrlə onu bu qərarından vaz keçməsini istədim, amma olmadı. Müharibədən bəlkə də bu qədər qorxmurdum, amma hərbidən çəkinirdim. Çünki, hərbinin çox böyük çətinlikləri var. Amma yenə də Elcanımın seçimi hərbi oldu. İlk təyinatı Daşkəsənə oldu. Ora gedəndən sonra mütəmadi olaraq əlaqə saxlayırdıq. Həmişə danışanda deyirdi ki, "ana, narahat olma, mən yaxşıyam". Yəni ki, şirin dili ilə rahatlaşdırırdı məni. Bəlkə də oğlumum tabutu evimə gəlməsəydi, mən hələ də onun şəhid olduğuna inanmazdım. Yanından gələn döyüş yoldaşları deyir ki, Elcan çox qormaz olub. Həmişə deyərdi ki, erməni kimdir ki, qələbə qazansın. Uşaqların sözlərinə görə döyüş zamanı Elcan ilk olaraq ayağından yaralandı, amma yenə də önə getdi. Baxmayaraq ki, ona deyilib ki, geri qayıt, amma o qayıtmadı. Deyib ki, mən, sən, o qayıtsa, bəs önə kim gedəcək? Torpağımızı kim azad edəcək? Ayağına baxdı dedi ki, boş şeydir əsas önə getməkdir. Hər kəsə də güc, qüvvət verirdi. Erməninin bir cəbhəsini yardılar, ikincidə başlndan snayperlə vurdular. Döyüş yoldaşı deyir ki, çönüb Elcanı yerdə görəndə təəccübləndim. Öz-özümə dedim ki, "Ay Allah bayaq Elcan bizə ürək-dirək verirdi? Heç kim onun şəhid olacağına inanmazdı".


S. Məmmədova deyir ki, oğlunu sonuncu dəfə sentyabrın 25-də görüb: "Sentyabrın 25-i bir də gördüm ki, Elcan qapının yanında durub. Çox təəccübləndim. Dedim "anan ölsün ay Elcan sən burda neyləyirsən?". Dedi ki, məzuniyyətə gəlmişəm. Amma nə qədər qalacağını demədi. Bu da məni şübhələndirdi. Sən demə sonuncu dəfə bizimlə görüşməyə gəlib. Bilirmiş ki, müharibəyə gedəcək. Bir gecəni qaldı, səhərsi günü günorta zəng gəldi, dedilər ki, gəl, yerinə. 26-sı sentyabrda getdi, 27-si saat 5-də oğlumun şəhid xəbəri gəldi. (ağlayır) Birinci dedilər ki, yaralıdır. Sən demə, məni aldadırlar. O gün Allaha o qədər dua elədim ki, eybi yoxdur balam yaralı gəlsin, amma təki nəfəsi gəlib-getsin, amma olmadı, balam tabutda gəldi".

Şəhidimizdən geriyə iki övlad Vətənə, eləcə də bizə əmanət qaldı. Yeddi yaşlı qızı və beş yaşlı oğlu. Qəhrəmanımızın həyat yoldaşı Gülnarə Məmmədovanın sözlərinə görə, o, balalarının suallarını cavablandırmaqda çətinlik çəkir: "Son iki ayda yoldaşımın telefonunda çoxlu şəhid şəkillərini görürdüm. Çox pis olurdum, ağlayırdım. O, şəkilləri görəndə öz-özümə düşünürdüm ki, görəsən, o şəhidin ailəsi necə yaşayır? Bu sualın cavabını indi tapdım. Sən demə onların ailəsi yaşayaraq ölür. Mən bunu yaşadım, Allah heç bir gəlinə qismət eləməsin. Bir dəfə də Elcan mənə dedi ki, "Gülü, ola bilər ki, sən də bir gün uşaqlarımızla birgə məzarımın üstünə gələrsiniz". Çox pis olurdum. Yalvarırdım ki, yanımda belə şeylər demə. Qorxduğum şey başıma gəldi. Elcan gedən günü oğlum dedi ki, "ata, mən də səninlə gedirəm". Yoldaşım da dedi ki, "qaqa, ata gedib Qarabağı alsın, sonra səni də aparacaq".

Ən böyük arzularından biri Şuşaya bayraq sancmaq idi. Həmişə deyirdi ki, yayda inşaallah Şuşaya istirahətə gedərik, amma olmadı. Oğlum "İnstagram"da bir video görüb. Orda ailənin atası müharibədən qayıdır, qapını açır, orada da uşaqlar onu qucaq dolusu qarşılayırlar. Oğlum deyir ki, "ana, mən də belə bir video istəyirəm". Cavabında izah edirəm ki, bizim elə atamız yoxdur axı... Hər gecə uşaqlar atalarının şəkilləri ilə yatırlar. Onlar atalarının nə vaxtsa qayıdacağını yox, onun hər an bizi gördüyünə inanırlar. Hər axşam yoldaşımın əşyalarının olduğu otağa girib atalarına gecən xeyirə, yuxun şirin olsun deyirlər. Dünən oğlum mənə dedi ki, "ana, niyə atam yuxuma girmədi, mən onu gözləyirdim axı?". Qızım da deyir ki, "ana, mən atamla məktəbə getmişəm, amma qardaşım gedə bilməyəcək". Bunlara nə cavab verim?"


G. Məmmədova şəhidimizin son mesajından da danışdı: "Elcanın sonuncu mesajı "ömrüm, övladlarım artıq ataları ilə fəxr edə bilər" oldu. Çox ağırdır, çox. (ağlayır)

Şəhidimizin anası bildirib ki, oğlunun və bütün şəhidlərin ruhları bu gün şaddır: "Torpaqlarımızın işğalına görə bir azərbaycanlı ana kimi çox şadam. Amma kaş ki, bu xəbəri oğlumun dilindən eşidərdim. Noyabrın 10-da ad günüm idi. İstəyərdim ki, balam zəng eləsin desin ki, "ana, təbrik edirəm, ad günündə Qarabağı sənə hədiyyə elədim..." 

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik! 

Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov