"Yeni doğulan övladımı heç zaman görməmək məni qorxudurdu" - AZƏRBAYCANLI HƏRBÇİNİN DÖYÜŞ YOLU - VİDEO
    • 6-01-2021, 17:57
    • 445

"Yeni doğulan övladımı heç zaman görməmək məni qorxudurdu" - AZƏRBAYCANLI HƏRBÇİNİN DÖYÜŞ YOLU - VİDEO

Bu kadrlar oktyabrın 1-də II Qarabağ müharibəsinin ilk günlərində lentə alınıb. Kadrlardan da göründüyü kimi igid, qorxmaz oğullarımız vətən borclarını qaytarmaq üçün ön cəbhəyə yollanırlar. Hər birinin gözündə qürur, ürəklərində isə sevinc var. Onlar əllərinə silah alaraq tarix yazmağa tələsirdilər. Və elə də oldu. Mərd qardaşlarımız bizə illərlə həsrətlə gözlədiyimiz qələbəni bəxş etdilər. O, oğullarımızdan biri də Vətən müharibəsi iştirakçısı Röyal Məmmədovdur. 

News24.az Röyal Məmmədovun döyüş yolu haqda videoreportaj hazırlayıb: 

                      

Röyal Məmmədov dekabrın 27-si doğma ailəsinə qayıtdı. Deyir ki, 44 günlük II Vətən Müharibəsində onun da rolu olduğuna görə çox sevinclidir: "Fəxr edirəm qardaşlarımızla. Nə gözəl ki, döyüşlərdə iştirak etdim və əldə olunan qələbədə mənim də payım oldu. Necə ki, gedəndə söz verdim ki, geriyə ancaq qələbə ilə qayıdacam. Elə də oldu. Çox şükür ki, sözümü tutdum. Düzdür, çətinliklərimiz çox oldu, amma əsas nəticədir. Əsgərlikdə mühəndis-istehkamçı vəzifəsində çalışırdım. Elə müharibədə də eyni ilə. Bizi əvvəlcə təlimə apardılar, daha sonra isə döyüş bölgəsinə. Müharibədə iştirakımı ilk olaraq Füzulidən başladım. Döyüşün təqribi ikinci həftəsində, Füzulinin işğaldan azad olunan günü qızım dünyaya gəldi. İnanın ki, sevincimin həddi-hüdudu olmadı. Bir gündə iki şad xəbər aldım. Daha sonra döyüş yolumuzu Cəbrayıl, Xocavənd, Hadrut istiqamətində davam etdirdik. Bizim əsas missiyamız döyüş yoldaşlarımızın yollarını açmaq idi. Biz minalanmış yerləri təmizləyirdik. Döyüş yoldaşlarımın hər biri ilə çox mehriban idim. Hətta onların içində sinif yoldaşım da var idi. Buna görə çox sevindim, çünki çoxdandır bir-birimizi görmürdük. Rusiyada yaşayırdım, martda vətənə gəldim, pandemiyaya görə burda qaldım, ondan sonra da müharibəyə getdim".

Hərbçimizin sözlərinə görə o, dəfələrlə ölümlə üz-üzə qalsa da, özünə görə heç vaxt narahat olmayıb. Tək qorxusu ailəsini itirmək olub: "Dəfələrlə üzərimə minaatan və top mərmiləri düşüb. Amma bura müharibədir, burda hər an, hər şey ola bilər. Amma ən çox evdəkilərə görə narahat idim. Düşünürdüm ki, birdən mənə nəsə olar yenidoğulmuş qızımı görə bilmərəm. Amma şükürlər olsun Allaha heç nə olmadı, sağ salamat evimə, ailəmə qayıtdım. Bir də döyüş qardaşlarıma görə çox ciddi narahat olurdum. Çünki, itki çox ağır bir şeydir. Amma anlamaq lazımdır ki, şəhidsiz müharibə olmur. Özü də biz hücuma keçən tərəf idik". 


R. Məmmədov çağırışçılar sırasında idi. Deyir ki, evdə hər zaman ailəsini buna hazırlayırmış. II Vətən müharibəsinin iştirakçısı onu da qeyd edib ki, bu döyüş yolu zamanı ən çətin məqamlar Füzuli və Hadrut istiqamətində olub: "Həmişə deyirdim ki, müharibə başlasa, ilk könüllü şəkildə gedənlərdən biri də mən olacam.İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra məni çağırdılar, mən də canla-başla getdim. Çünki, bu hər bir oğulun borcudur. Döyüş yolumuz çətin olsa da, qürurlu idi. Ən çətin günlərimiz isə Hadrutda olub. Elə bizim yaralılarımızın o döyüşdə oldu. Müharibə bitəndən sonra isə bizi göndərdilər Laçın və Qubadlı istiqamətinə. Ordakı minalanmış sahələri təmizlədik".

Hərbçimizin anası Sara Məmmədova oğlunun sağ-salamat evə qayıtmasına görə çox xoşbəxtdir: "Allah heç kimə bala dərdi göstərməsin. Burdan bütün şəhid analarına baş sağlığı verirəm, bir ana kimi səbr diləyirəm. Bilirəm, çox çətin vəziyyətdir. Ananın nə çəkdiyini heç kimə bilə bilməz. Röyal müharibədə olanda mənim nələr hiss etdiyimi heç kim bilmir, çox çətin günlər keçirdirdim. Amma şükürlər olsun ki, balam sağ salamat yanıma qayıtdı. İnşaallah birdə müharibə olmaz. Oğlumla, ümumiyyətlə müharibədə iştirak edən bütün oğullarımızla fəxr edirəm. Çünki, məhz o balalar vətənimizi qoruyaraq, öz borclarını layiqincə yerinə yetirdilər. İnşaallah çox tezliklə bütün əsgər balalarımız öz evlərinə qovuşacaqlar. Röyal haqda isə onu deyə bilərəm ki, oğlumla qürur duyuram. O, hər dəfə mənə zəng edəndə deyirdi ki, "ana, məndən narahat olma, yaxşıyam", amma yenə də mən çox nigaran qalırdım, ağlım hər dəqiqə onun yanındaydı. Füzulinin işğaldan azad olunan günü nəvəm dünyaya gəldi. Bu xəbər bir az da olsa məni rahatlaşdırdı. Bir daha allaha şükürlər olsun ki, balalarımız sağ salamat evlərinə qayıtdılar".

İkinci Qarabağ müharibəsində iştirak edən digər qəhrəmanımız İlham Allahverdiyevdir. O da ərazi bütövlüyümüzün bərpası naminə vuruşmaqdan və bu tarixi hadisənin bir parçası olmaqdan şərəf duyduğunu bildirib: "Tovuz hadisələri zamanı Hərbi Komissarlıqdan mənə zəng elədilər və Səfərbərliyə çağırdılar. Mən də gedib qol çəkdim. Daha sonra isə sentyabrın 29 zəng gəldi və deyildi ki, döyüşə getməliyəm. Təbii ki, mən də vətənini sevən bir əsgər kimi öz borcumu yerinə yetirmək üçün döyüşə yollandım. İnanın ki, müharibənin ilk dəqiqələrində bir balaca çaşqınlıq yaşadım, inanmırdım ki, müharibənin ortasındayam. Amma bir neçə dəqiqə sonra özümü toparladım və savaşmağa başladım. Gecə təqribi saat dörd idi, yanımıza minaatan top düşdü. Hərt kəs qorxu içindəydi, amma bir adam belə geriyə çevrilmədi. Çünki hər birimiz yalnız və yalnız qələbəyə köklənmişdik. Həmin gün gərgin döyüşlərin sonunda Füzulinin bir neçə kəndini işğaldan azad elədik və Cəbrayıl istiqamətində irəlilədik. Daha sonra isə Hadrut istiqamətində düşmənin 7 minalanmış tankını zərərsizləşdirdik. Yaralılarımız çox oldu, amma biz də dayanmadan onları ordan çıxardırdıq. Çünki, heç birimiz bir əsgərimizin belə orda qalmasını istəmirdik. Müəyyən çətinliklər, basqınlar olsa da, düşmənlərimizi susduraraq məhv elədik. İnanın ki, ermənilər masa arxasından duraraq qaçırdılar. Sağ olsunlar özlərindən sonra bizə yemək, kompot, mürəbbə hazırlayıb qoyublar, yəni onlara görə ac qalmadıq (gülür). Bilirsiniz, məncə fərq etməz kim harda savaşıb. Yəni ön, yoxsa arxa cəbhə. Əsas odur ki, əsgərlərimiz qorxmadan, qaçmadan cəsurcasına savaşıb. Bir sözlə, bu 44 gün həyatıma bir kinolent kimi həkk olundu".


Müharibə iştirakçımız müharibə dövründə yaranan çətinliklərdən də danışıb: "İnanın ki, ac, susuz, ölümlə üz-üzə qalmışdıq, amma cəsurluq nümayış etdirərək geriyə dönməmişik. Ot, quzu qulağı belə yemişik. Nə xoş ki, hava çox sərt keçmirdi. Bir sözlə, dağ şəraitinə artıq uyğunlaşmışdıq". 

Sevda Bayramova
VİDEO - FOTO: Adil Ağayev, Hüseyn Həsənov