İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş - ŞOK
    • 4-02-2021, 18:14
    • 357

İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş - ŞOK

Bu gün bir sıra sosial şəbəkələrdə və mediada Vətən müharibəsində iki oğlu itkin düşən ana ilə bağlı reportaj yayımlanıb. Reportajda Rəna Kazımova adlı qadın oğlanları Valid və Azər Kazımovun müharibədə itkin düşdüyünü və bu günə kimi onlardan xəbər ala bilmədiyini vurğulayıb. Maraqlısı budur ki, Müdafiə Nazirliyinin açıqladığı itkin siyahısında Valid və Azər Kazımov qardaşlarının adı yoxdur.

News24.az xəbər verir ki, bu səbəbdən də "Qafqazinfo" məsələni araşdırıb. Məlum olub ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. O, əslən Lənkəranın Osaküçə kəndindəndir. 1 il yarımdır ki, Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşayır. Suraxanı Rayon Səfərbərlik Xidməti də sözügedən adda olan şəxsləri xidmətə çağırmayıb. 

Lənkəran rayonu Osaküçə kəndinin bələdiyyə sədri Həkət Cavadova da “Qafqazinfo”ya bildirib ki, Rəna Kazımovanın ruhi problemləri var. Onun hərbi xidmətə gedəcək yaşda övladı yoxdur: “Mən elə indi onun qardaşı ilə danışdım. Məlum oldu ki, həmin qadının dediyi Valid onun özünün yox, qardaşının oğludur. Özü də illər əvvəl Rusiyaya gedib və orada yaşayır. Onun ümumiyyətlə, övladının olması ilə bağlı məlumat yoxdur”.

H. Cavadova bildirib ki, qardaşının dediyinə görə, bir neçə il əvvəl doğulduğu kəndə gəlib və yanında Azər adında azyaşlı oğlan olub. Lakin bu uşağın onun özünün oğlu olub-olmadığı da bilinmir: “Qardaşının dediyinə görə, bacısının psixoloji problemləri  var. Bir dəfə 2015-ci ildə kəndə gəlib və yanında 7-ci sinifdə oxuyan Azər adında uşaq olub. Onun sənədlərini hazırlayıblar və müalicə etdiriblər. Lakin uşağın onun oğlu olub-olmadığı, hazırda söhbətin həmin Azərdən getdiyi də bilinmir. Amma o dəqiqdir ki, onun Valid adında oğlu yoxdur”.