“İnsan bəzən elə vəziyyətə düşür ki...” – YAZIÇILAR İNTİHARLARDAN DANIŞDI
    • 22-02-2021, 17:28
    • 470

“İnsan bəzən elə vəziyyətə düşür ki...” – YAZIÇILAR İNTİHARLARDAN DANIŞDI

Son zamanlar Azərbaycanda bəzi insanlar düşdükləri çətin durumdan, rastlaşdıqları problemlərdən çıxış yolunu özünə qəsd etməkdə görürlər. Xüsusən yeniyetmə və gənclər özlərini çarəsiz hiss etdiyində intihara əl atırlar. Bu isə cəmiyyətimizdə hər kəsi ciddi narahat edir. İntiharların səbəbləri, artım tempi, psixoloji tərəfi ilə bağlı dəfələrlə çoxsaylı yazılar yazılıb. Amma buna rəğmən, ciddi nəticə əldə olunmayıb. 

Bəs, necə edək ki, intiharlar olmasın, yaxud insanlar çıxış yolunu özünəqəsddə görməsin? 

 
News24.az məsələ ilə bağlı fikir adamlarının yanaşmasını öyrənib.

“İntihar çıxış yolu deyil”

“Mən intiharın əleyhinəyəm. Dünyanın ən çətin vəziyyətindən də çıxış yolu tapmaq mümkündür”. Bu sözləri yazıçı Anar cəmiyyətimizdə baş verən intihar hadisələrinə münasibət bildirərkən deyib.
Yazıçı qeyd edib ki, intihar heç zaman çətin vəziyyətdə çıxış yolu olmayıb: “Anlayıram, insan elə bir vəziyyətə düşə bilər ki, gözünə başqa yol görünməz. Ancaq intihar çətin məqamların həll yolu deyil. Çünki bunu edən zaman insan özünü tamamilə yox edir. İnsan yaşamalıdır ki, sonra həmin problemləri həll etsin”.
 
"Qadınsansa, cəmiyyətə ya ana kimi daxil ola bilərsən, ya fahişə kimi..."
 
Yazıçı Aqşin Yeniseyə görə, intihar dünənin, bu günün problemi deyil, bu özünəqəsd psixologiyası artıq mədəniyyətin bir ünsürü kimi araşdırılır və hər mədəniyyətə xas səbəbləri var: “Bu gün dünyada hər 40 saniyədə bir insan özünü öldürür. İldə təxminən bir milyona yaxın insan intihar edir. Hətta bu yaxınlarda inkişaf etmiş Yaponiyada intiharların sayının artması hökuməti məcbur etdi ki, vətəndaşları ənənəvi yapon tənhalığının əlindən alması üçün Tənhalıq Nazirliyi yaratsın və bununla da intihar edən tənha yaponlara kömək etsinlər. Bizə gəlincə, yayğın intiharın səbəbi milli cəhalətdir. Valideynlər cahil, müəllimlər köhnə təfəkkürlü, yeni nəsil onlardan da cahil. Üzləşdikləri heç bir mənəvi-sosial problemi özləri üçün izah edə bilmirlər. Mədəni vəziyyət də elə bir gündədir ki, artıq insanlara kömək edə bilmir. İntellektual elitanın gerizakalı müğənni elitası ilə əvəzlənməsi sadə sualları cavabsız qoyub. İnsanlar ya dinə sığınmalıdırlar, ya ölümə. Böyük çoxluq allaha, peyğəmbərə sığınmaqla, dindəki hazır cavablara inanmaqla təskinlik tapır, bunu bacarmayanlar, istəməyənlər isə ya özlərini öldürürlər, ya başqalarını. Əslində, ölkədə bu cür sosial məsələləri araşdıran sosioloji qurumlar olmalıdır. Cəmiyyət üzərində müşahidələr, araşdırmalar, analizlər  aparan, məsələn, mühafizəkarlıqla müasirliyin yerini, sərhədlərini insanlara başa salan sosioloqlar olmalıdır. Bəlkə də var, amma xalq onları tanımır. Sosial layihələrə diqqət ayrılmalıdır. İnsan doğulandan başqalarının köməyinə ehtiyac duyaraq yaşayır, ta ölənəcən. 17-20 yaşa gəlib çatan azərbaycanlı qəfildən tək qalır, ailəsindən ayrılmalıdır, o, artıq bir fərddir, cəmiyyət isə onu qəbul etməyə hazır deyil. Cəmiyyətə inteqrasiya cənnətə düşməkdən cətindi bütün mühafizəkar cəmiyyətlərdə. Çünki iki rəng var, ağ və qara. Qadınsansa cəmiyyətə ya ana kimi daxil ola bilərsən, ya fahişə kimi. Başqa formanı qəbul etmir cəmiyyət. Kişisənsə, ya peysərsən, ya lotu. Bu düşüncəni isə ideoloji ağırlığı olan təhsillə dəyişmək olar. Dünyanın digər ölkələrində də intihar edənlər var, amma onların hamısının intihara aparan şəxsi bir əhvalatı var. Azərbaycanda intihar edənlərin əksəriyyətinin belə bir əhvalatı yoxdur. Bizimkilər, adətən, intihar etmirlər, öz əlləri ilə özlərini öldürməyə məcbur edilirlər. Bizim qurbanların əhvalatı intihardan əvvəl deyil, sonra başlayır. Çoxu elə əhvalatsızlıqdan özünü öldürür. Özünü həyatının monotonluğundan xilas edir. Təbliğat filanla intihar kimi müdhiş bir qərarın önünü kəsmək asan iş deyil. Əgər insanları yaşatmalı olan dəyərlər onların özlərindən əvvəl ölürsə, yaşamağın heç bir mənası qalmır. İnsanlara dəyər verməyi təbliğ etməliyik. Ölkədə neft pulları hesabına təsadüfən varlanmış hedonist-kommunist bir elita var, başqa da heç nə yoxdur. Bunun nəticəsidir ki, Azərbaycanda bu gün hətta dost mühitində də "Niyə ölmürsən" sualı aktualdı.
 
“Terapevtlərdən daha çox ədəbiyyata müraciət olmalıdır”
 
“İntiharlar dünyanın hər yerində araşdırılan, öyrənilən böyük bir faciədir. Amma mən intiharların ədəbi xilas yolunu izah edəcəm”. 
Bu fikirləri isə yazıçı Həmid Herisçi bildirdi:  “Fikrimə Dostoyevksinin “Həlim qız” əsərindən başlamaq istərdim. Həmin mini roman Azərbaycan dilinə çox gözəl tərcümə olunub. Oxuculara, mütəxəssislərə, psixoloqlara onu oxumağı tövsiyə edərdim. Psixoloji drammaturgiyası maraqlıdır. Dostoyevski həmin əsərdə intiharın detallarını və səbəblərini açır. Bundan əlavə, Orxan Pamukun “Qar” romanını məsləhət görərdim. O, intihara psixoloji yox, ictimai-siyasi yanaşıb. Zənnimcə, terapevtlərdən daha çox ədəbiyyata müraciət olmalıdır”.

“Bir neçə gün öncə canına qəsd etməyin yollarını arayırlar”
 
Hüquqşünas, detektiv yazıçı Müşfiq Abbasova görə, intihar etmək istəyən şəxs bu insidentdən bir neçə gün əvvəl hansı yolla canına qəsd edəcəyi barədə düşünür: “Adətən intihar edənlər bunu həyata keçirmək üçün daha asan yollar axtarırlar. İnsanlar özünü asmağı və hündür binadan atmağı asan yol kimi qəbul edir. Son intiharlar da bunu göstərir ki, insanların əksəriyyəti, xüsusilə, gənclər hündürmərtəbəli binalardan özlərini atırlar. Demək ki, bu yolu çətinləşdirmək lazımdır. Bunun üçün mütləq hərəkətə keçilməlidir. Yəni, bütün hündür mərtəbəli binalara nəzarət gücləndirilməli, kənar şəxslər sorğu-sualsız binaya buraxılmamalı, binaların damlarına çıxış qapıları bağlı saxlanılmalı və zəruri yerlərə dəmir məhəccərlər çəkilməlidir. Bu zaman evdə valideynləri olduğu üçün intihar edə bilməyənlərin bəziləri artıq bu yoldan çəkilmiş olacaqlar. Bu intiharların qarşısını tam almasa da, onların sayının azalmasına mütləq öz təsirini göstərəcək. Xatırladıram ki, İngiltərədə intihar körpüsü kimi tanınan “Bristol körpüsü” ətrafına hökümət tərəfindən dəmir hasarlar çəkildikdən sonra ölkə üzrə intiharların sayı yüzlərlə azaldı. Demək ki, intihar üsullarını çətinləşdirmək lazımdır”.

M. Abbasov eyni zamanda bu məsələdə valideynlərin üzərinə də böyük yük düşdüyünü deyir: “Valideynlər körpəliyindən uşaqlarını bərkə-boşa salmalı və çətinliyə öyrətməlidir. İntihar təhsillə deyil, tərbiyə ilə bağlı məsələdir. Sovet dövrü ilə müqayisədə gənclər indi daha savadlı və məlumatlıdırlar, əksəriyyəti bir neçə dil bilir, kompüter texnikası ilə işləməyi yaxşı bacarırlar. Amma həmin dövrdə intiharlar bu günlərdən qat-qat aşağı idi. Çünki gənclərə düzgün tərbiyə verilirdi. İnsanlar həmin dövrdə daha möhkəm və dözümlü idi. İndisə, valideyn gündə dəfələrlə öpüb əzizlədiyi uşağına cəmi bir dəfə kobud söz deyəndə, uşaq üsyan edir, intihar barədə düşünür. Bunun da günahı yenə valideyndədir. Nə qədər ki, uşaqlarımızı həyatın çətinliklərinə alışdıra-alışdıra böyütməyəcəyik, intiharlar dayanmayacaq”.

Məhərrəm ƏLİYEV