“Çarə həmişə var” - Ruhi Əliyeva uşaq intiharlarından YAZDI
    • 16-06-2020, 15:57
    • 526

“Çarə həmişə var” - Ruhi Əliyeva uşaq intiharlarından YAZDI

 Bir neçə gün öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsinin özünü yaşadığı hündürmərtəbəli binadan ataraq intihar etməsi xəbəri hamı kimi məni də çox üzdü. Son illər bu cür hadisələrin sayının artması, intiharların, xüsusilə, gənclər və uşaqlar arasında üstünlük təşkil etməsi bir Azərbaycan qadını və bir ana kimi məni ciddi narahat edir. 

 Təəssüflə qeyd etməliyəm ki, mətbuatda tez-tez bir sıra rayonlarda orta məktəb şagirdlərinin özlərini asaraq həyatlarına son qoyması barədə xəbərlər yayılır. Bu səbəbdən intiharların qarşısının alınması yönündə fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, insan niyə öz həyatına son qoysun?! Həyatda ölümdən başqa hər dərdin çarəsi, hər problemdən çıxış yolu var. Bu halda insan nədən dinimizin günah saydığı  intihar yolunu seçir? Orta məktəb şagirdlərini buna vadar edən nədir? Məncə, bu məsələnin kökündə ilk növbədə valideyn diqqətsizliyi, uşağın kifayət qədər sevgi və qayğı ilə əhatə olunmaması amili dayanır. Əlbəttə, heç bir valideyn övladının intihar etməsini istəməz. Amma bəzən valideynin uşağın tərbiyəsində yol verdiyi səhvlər, övlada biganəlik və məsuliyyətsizlik belə faciələrə gətirib çıxarır. 

 Müasir dövrdə uşaqların internet və mobil telefonlardan istifadə etməsi də intiharların artmasında ciddi rol oynayır. Boş vaxtlarının çox hissəsini internetdə uşaq psixologiyasına mənfi təsir edən oyunlara ayıran azyaşlılarda, yeniyetmələrdə aqressivlik və özünəqapanmanı görməmək mümkün deyil. Biz valideynlərin üzərinə düşən vəzifə uşaqlarla tez-tez həmsöhbət olmaq, onları dinləmək, ən xırda işlərdə müstəqil qərar verməyi öhdələrinə buraxmaq, həyatın çətinliklərinə hazırlamaq, elm, təhsil və idmana maraq oyatmaqdır. Bundan əlavə, valideynlər uşaqlarının fikirlərinə hörmətlə yanaşmalı, onlara şəxsiyyət kimi münasibət bəsləməli, ixtisas, idman və məşğuliyyət seçimlərində sərbəstlik verməlidirlər. Bəzən uşaqları bilərəkdən bərkə-boşa salmaqla iradələri və xarakterləri formalaşdırılmalıdır. İnanın ki, bu onların bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayacaq, gələcəkdə qarşılaşacaqları istənilən problemin həllində onlara güc verəcəkdir. Yetkinlik yaşında olan bir oğlanın zorla evləndirilməsi,  yaxud yeniyetmə qızın istəmədiyi bir adama ərə verilməsi onun valideyninin yanlış yolda olmasının göstəricisidir. Həmin gəncin intiharı isə onu göstərir ki, zamanında, o, valideyni tərəfindən həyatın çətinliklərinə hazırlanmayıb və onunla bağlı verilən qərarlara etirazını intiharda görüb. Halbuki o, öz iradəsini ortaya qoymaqla həyatına davam eləməli idi. İntihar geriyə dönüşü olmayan, özünü çarəsiz hiss edən insanların tutduğu yoldur. Lakin unutmayaq ki, çarə həmişə var. Zaman bütün yaraları sağaldır. Bu gün həlli mümkünsüz görünən problem zamanla  çözülür. Önəmli olan da bu düşüncənin uşaqlara aşılanmasıdır. Bir sözlə, Allahın bizə verdiyi ömrü sonadək yaşamalı və övladlarımızı da bu düşüncə ilə tərbiyə etməliyik. 

Ruhi Əliyeva