Həm xərçəngdən sağaltdı, həm də analıq bəxş etdi- AZƏRBAYCANLI HƏKİMİN İNANILMAZ UĞURU
    • 27-02-2021, 16:19
    • 438

Həm xərçəngdən sağaltdı, həm də analıq bəxş etdi- AZƏRBAYCANLI HƏKİMİN İNANILMAZ UĞURU

Türkiyənin Alanya vilayətində yaşayan Suzan Yazar 18 yaşındaykən yumurtalıq xərçənginə mübtəla olub. Ölümün astanasında olan gənc qızın valideynləri “ümidsizlik şeytana xasdır” deyə soraqlaşıb Ankarada yaşayan qadın xəstəlikləri və doğum uzmanı, onkoloji qadın xəstəlikləri cərrahı Məlahət Atasevəri tapıblar. Məlahət Atasevər əslən Azərbaycandandır. Onkoloji qadın xəstəikləri üzrə ixtisaslaşıb, həm elmi, həm də onkoloji qadın xəstəlikləri üzrə fəaliyyətini davam etdirir. Suzan deyir ki, Məlahət həkimlə düz 22 il əvvəl tanış olub. Hələ o zaman həkim onu müayinə edib və diaqnozu təsdiqləyib. Amma bu bəladan onun qurtula biləcəyinin mümkün olduğuna da ürəyinə ümid göyərdib. Amma bunun üçün Suzana müalicəsinə ciddi əməl etməli olduğunu deyib: “Məlahət xanım məni xəstəsi yox, dostu bildi. Onun qayğıkeşliyi olmasaydı, bu xəstəliyi yenə bilməzdim. Məni ana bətnimi və bir yumurtalığımı qorumaqla əməliyyat elədi. Müalicə müddətində qanazlığından əziyyət çəkdim, kimyəvi müalicələrdən saçlarım töküldü, bəzən çox yoruldum, amma bu möhtəşəm insana - həkimimə olan inamımı itirmədim. Beləcə, mərhələ-mərhələ xəstəliklə mübarizədə birgə yürüdük. 12 ildən sonra mənə dedi, indi ailə qura bilərsən. Hazırda iki övlad anasıyam, çox şükür xoşbəxtəm, isti bir yuvam var”. 
Söhbətin gerisini Məlahət xanımla davam etdirdik. 

Türkiyədə Azərbaycanlı həkimin xərçəng xəstəliyini müalicə etməsini, qazandığı uğurları News.24.az-a özünün söyləməsini istədik:
  
- Nə zamandan bəri Türkiyədəsiniz?

- 1990-cı ildən. O zaman Tibb Universitetinin 5-ci kursunu bitirmişdim və yenicə ailə qurmuşdum. Qadın doğumu üzrə əlavə yüksək ixtisas təhsili aldım. 4 il bu sahədə ixtisaslaşdıqdan sonra rəsmi dövlət məmuru kimi Türkiyədə Azərbaycandan olan ilk həkim kimi fəaliyyətə başladım. Ankaranın Onkologiya xəstəxanasında qadın doğum uzmanı kimi çalışdım. O zaman da Türkiyədə onkoloji qadın xəstəlikləri üzrə iki xəstəxana vardı, biri Ankarada, o biri Bursada. Bizə iç Anadoludan çox xəstələr gəlirdi. 14 il orda çalışdıqdan sonra öyrəndiyim təcrübəni nəzəri olaraq tətbiq etmək üçün Giresun Universitetində 5 il çalışdım, orada Qadın Doğum şöbəsinin müdiriydim. Tibb elmləri üzrə dosentəm və yaxın zamanda professorluq elmi dərəcəsini almaq üçün çalışmalarımı davam etdirirəm. 

2019-cu ilin aprel ayından Ankarada Çukurambarda öz klinikamda işləyirəm və eyni zamanda elmi-nəzəri fəaliyyətimi də davam etdirirəm, Yüksək İxtisas Üniversitesində tələbələrə  dərs keçirəm. Deməyim odur ki, həm elmi, həm praktiki fəaliyyətimi paralel inkişaf etdirmək mənim üçün çox önəmlidir. Çünki tibb elmi davamlı olaraq yenilənir və biz də bu yeniliklərlə ayaqlaşmağı bacarmalıyıq.

- Bəs, bu bilgilərinizi, müalicə üsullarınızı ölkəmizdəki mütəxəxsislərlə paylaşırsızmı?

- Burda yaşayıb işləsəm də, bacardığım qədər Azərbaycana da dəstək olmağa çalışıram. Bir neçə il Azərbaycana davamlı olaraq əməliyyat çağırışlarına getdim. Pandemiyaya qədər mütəmadi elmi mühazirlərə də dəvətlər alırdım, çıxışlar edirdim.
  
- Xərçəngə necə qalib gəldiniz? Bunun sirri nədədir?  

- Mən xəstələrə fərdi yanaşıram. Özümü hər xəstənin yerində təsəvvür eləməyə çalışıram. Çünki pasiyenti hərtərəfli dinləyib, dərdini tam öyrənəndən sonra düzgün diaqnoz qoymaq mümkün olur. Eyni zamanda xəstənin sənə inanıb, dediklərinə əməl eləməsinə də yalnız bu cür nail olmaq olar. Suzana gəlincə deyim ki, onun kimi xərçəngli qadın xəstəliyindən əziyyət çəkən çox xəstələrim var. Belə xəstələr daim həkim nəzarətində olmalıdır. Suzanın durumu daha təhlükəli idi Çünki yumurtalıq xərçəngi ölüm riski çox yüksək olan bir xəstəlikdir. Xəstə gec müraciət edəndə heç bir əlacı olmur. Suzan bizə üz tutanda çox gənc idi. Xəstəliyinin nə qədər təhlükəli olduğunu ona söyləyə bilməzdim, yalnız ona davamlı həkim nəzarətində olacağını dedim, amma bu tibbin indiki kimi inkişaf etdiyi bir dövr deyildi, 22 il öncədən danışıram. İlk olaraq xərçəng xəstəliyi olan yumurtalığı qoruyucu bir əməliyyat elədik, digər qadın orqanlarını və  bir yumurtalığı qorumağa çalışdım. Suzan baxmayaraq ki, əyalətdən gəlirdi, amma müalicələrini  axsatmadı, hər zaman xəstəliyini təqib etdim və onunla birgə səyimiz uğurlu nəticə verdi.

Demək istəyirsiniz ki, xəstə xəstəliyin deyl, həkiminin yanında olarsa, şəfa tapar.

- Bəli, tamamilə doğrudur. Suzan bu gün də müayinələrinə və müalicəsinə intizamla davam edir. 10 il boyunca nəzarətimdə oldu, baxdım ki, bütün təhlükə riski aradan qalxıb, dedim, artıq ailə qurub, ana ola bilərsən. Şükür, ailə qurdu və hamiləliyi dövründə də məsləhətlərimə əməl elədi. Onun doğum uzmanı təbii doğuşa icazə vermək istəmirdi, keysəriyyə yöntəmini tövsiyə edirdi. Amma mən buna razılaşmadım. Hamiləliyi boyunca ona sən güclüsən, bunu da “bacaracaqsan” dedim. 31 yaşında ilk övladını təbii doğuşla qucağına aldı. İkinci də təbii doğuşla oldu. 3 il öncə ana bətni ağzında xərçəng başlanğıcı riski yaşandı, şükür onu da əməliyat yolu ilə aradan qaldırdıq. Hazırda vəziyyəti yaxşıdır,  xoşbəxt bir ailəsi  var həyat yoldaşı da ona arxa-dayaqdır, hətta bəzən deyir, doktor, ücüncü dəfə də ana olmağıma izn varmı? (gülür)


 Qadınlarda yumurtlama prosesinin tükənməsinin çox gəncləşdiyi bildirilir. Hətta 25, 30 yaşlarda qadınların ana olmaq şansını itirmə hallarına da artıq təsadüf edilir. Bunun səbəbi nədir?

 - 
Elədir, aybaşıdan erkən kəsilmə halları çox artıb. Əlbəttə ekoloji və stress faktorları önəmli rol oynayır. Hər orqanizm fərqli olduğu üçün bu faktorlara fərqli reaksiya verir.

Məsələn, mənim erkən menopoz durumunda olan gənc yaşda, hələ ailə qurmamış  Halısə Yıldız adılı bir xəstəm vardı. O da vaxtilə belə bir problem yaşamışdıTəməlli müayinələrdən sonra səbəbi tapıb aradan qaldırdıq, amma o da davamlı nəzarətimdə olub, tövsiyələrimə əməl etdi.

Bəzən qadınların  yaşı ötsə də, yumurtalığı tamamən tükənməmiş ola bilir. Məsələn, Qara dəniz çevrəsində olan qadın xəstələrimiz var, 50, 55, 57 yaşlarına kimi aybaşısı davam edir. Bu coğrafi şəraitin təsirindən də ola bilir.

Amma indi elmdə daha öncədən qadın yumurtalarının dondurulması və ya müxtəlif elmi üsullarla yumurtaları canlandırmaq mümkündür. Ona görə də hazırda menapoz durumunda olan bəzi qadınların heç ana olmaq şansı yoxdur, demək də doğru deyil, çox nadir təsadüf edilsə də, belə qadınların da bəzən ana olmaq şansı mümkündür. Bu da dediyim kimi o qadının psixoloji durumuna bağlı olan məsələdir, amma maddi durumu da önəmlidir, çünki hər bir elmi yenilik başlanğıc mərhələdə çox baha başa gələn proses olur.

 Bir məsələ də var ki, tibbdə “iki dəfə iki dörd edər”, deyə bir, mütləqlik yoxdur. İstisnalar da olur və həkimin biliyindən, təcrübəsindən də çox şey asılıdır. Məsələn, cərrah əməliyyata girdiyində o qədər diqqətli olmalıdır ki, saniyənin mində biri qədər belə səhv etməsin. Həkimin əlinin altında bir can var. Hətta hamilə qadınlarda iki canı qorumalısan. Ona görə də öncədən xəstənin durmunu çox araşdırmaq lazımdır. Mən də müəllimlərimdən bunu öyrəndim, xəstəliyin səbəbini araşdırmaq üçün, çox təhlillər aparıb, səbəbi öyrənib, aradan qaldırmalısan. Şansımdan ən yaxşı müəllimlərdən dərs alıdm, həm cərrahi, həm etik, həm də sənətinə bağlılıq baxımdan müəllimlərimdən öyrəndiklərimi praktikada tətbiq etdim. 
 
 - Yeri gəlmişkən, bəzən deyilir, yalnız genetik şəfa bacarığı olan insanlar həkim ola bilər. 

-  Məncə də həkimlik başqa sahələrdən fərqlidir. Bu məsləyi yalnız şəfa verməyi və insanları sevənlər seçməlidir. Çünki  həkimin qarşısındakı robot yox, bir candır. Yəni özünə rəva görmədiyini, ona da  rəva görməməlisən. Mənim düsturum budur: A-dan Z-yə qədər xəstəni öyrənmək və özünü onun yerinə qoymaq. Biz insan mühəndisləriyik və hər bir insan da fərdidir, fərqlidir.

-  Bəlkə həkimliyi seçənlər də rəssamlar və ya  digər istedadlılar kimi qabiliyyət imtahanından keçməlidirlər?
 

 -  Əlbəttə yalnız kitab oxumaqla, nəzəriyyə öyrənməklə həkim olmaq mümkün deyil. Hətta düşünürəm ki, tibb fakültəsinə tələbə seçmək imkanım olsaydı, onun təkcə biliyini dəyərləndirməzdim, insansevərliyini, hər kəsə fərdi yanaşa bilməsini bir şəkildə müəyyənləşdirib, sonra qərar verərdim. Həm genetik şəfa qabiliyyətinin olması, həm bütün elmləri bilməsi, həm də insanı, ətrafı, təbiəti sevməsi və özünü sevdirməyi bacarması həkim olmanın vacib şərtidir. 

Nilay