“Bəyanat icra edilməsə, Ermənistan daha ağır vəziyyətə düşəcək” - MUSA QASIMLI
    • 1-03-2021, 17:36
    • 331

“Bəyanat icra edilməsə, Ermənistan daha ağır vəziyyətə düşəcək” - MUSA QASIMLI

“Prezident İlham Əliyev tariximizdə daha bir ilkə imza ataraq Xocalıda işğalçı Ermənistan tərəfindən törədilən soyqırımı günündə 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən çox kütləvi informasiya vasitəsinin 50-yə yaxın sualını dörd dildə cavablandırarkən millətimizi və dövlətimizi qələbəyə gətirən amilləri, mövcud vəziyyəti, daxili və xarici siyasətdə perspektivləri  dərin mənalı və əhatəli izah etməklə zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, mahir diplomatı olduğunu bir daha təsdiq etdi”. 
 

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
 
O bildirib ki, mətbuat konfransının Xocalıda törədilən soyqırım günündə keçirilməsi faktının özünün böyük mənası var idi: “İstənilən yöndən  qiymətləndirildikdə möhtəşəm olan mətbuat konfransı bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqının inkişafı ilə bağlı konkret planlar mövcuddur və ölkəmiz yeni üfüqlər astanasındadır. Fikrimcə, mətbuat konfransından hər birimizin bilməsi zəruri olan başlıca məsələlər bunlardan ibarətdir: "Xocalı törədilənlər Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı qanlı cinayət və soyqırımıdır. Xocalı soyqırımını törədən hərbi cinayətkarların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Həm Xocalı soyqırımı, həm də İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması erməni faşizminin təzahürləridir. Xocalı soyqırımı heç vaxt unudulmamalı, Azərbaycanda, dünyada heç vaxt təkrarlanmamalı, Azərbaycan dövləti heç vaxt 1990-cı illərin əvvəlində olan aciz duruma düşməməlidir." 

Musa Qasımlı bildirib ki, noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir, əks-təqdirdə Ermənistan daha da ağır vəziyyətə düşəcək: “Füzulidə hava limanı ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Azərbaycanın xüsusi təyinatlı qoşunları həmin yollardan biri ilə meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə getdikləri üçün Prezident İlham Əliyev ona “Qələbə yolu” adı verib. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikmək planlaşdırılır”.

Deputat qeyd edib ki, Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası, həmçinin Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılacaq, Azərbaycan mühüm nəqliyyat-kommunikasiya mərkəzinə çevriləcək: “Azərbaycan hərbi əsirlərin hamısını Ermənistana qaytarıb, birgə bəyanatdan sonra tutulanlar isə terrorçulardır, deməli, Azərbaycan dövləti bundan sonra da terrorçulara qarşı amansız olacaq. Ermənistanın Azərbaycana vurduğu ziyanın hesablanması və müvafiq addımların atılması üçün zəruri işlər görüldüyünü Azərbaycan davamlı sülh və regional əməkdaşlıq istədiyi üçün hər hansı revanşizm və qisasçılıq cəhdləri olmamalıdır. Olacağı təqdirdə qarşısı qətiyyətlə alınacaq: “Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinin sözü və əməli eyni dəyərə malikdir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll edib. Status məsələsi Ermənistan və erməni xalqı üçün nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Azərbaycanın erməni xalqı ilə işi yoxdur. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir. Türkiyə müharibənin ilk günlərindən sülhə, sabitliyə hesablanmış davranış göstərərək Azərbaycanın haqq işini müdafiə edib və əməkdaşlıq bundan sonra da davam edəcək”. 

Musa Qasımlı onu da qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya arasında baş nazirlərin müavinləri səviyyəsində danışıqlar aparılır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən Cənubi Qafqazda müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Ortaq Monitorinq Mərkəzinin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Müharibədə Azərbaycanın hədəfi ərazi bütövlüyünün bərpa edilməsi idi və buna da nail olundu. Şəhidlərin qanı yerdə qalmadı. Düşməndən intiqam döyüş meydanında alındı. İlk növbədə azad edilmiş torpaqlar dirçəldiləcək, vətəndaşlar qayıdacaq və “ağıllı kənd” layihəsi həyata keçiriləcək.

Millət vəkilinin fikrincə, Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsə, yalnız zəifləyəcək: “Çünki Ermənistanın bərpa üçün resursu yoxdur, hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdısa, elə də yaşayacaq. Ermənilər yaxşı başa düşməlidirlər ki, hansısa “arsax” adlı bir dövlətləri olduğunu deyə bilərlər, lakin belə dövlət yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bu sərsəm ideyaları bir kənara atıb Azərbaycan vətəndaşları kimi normal yaşamaq lazımdır. İrəvanda yenidən hakimiyyətə gəlməyə çalışanlar həmin hərbi canilərdir”.  
Azərbaycan dövlətinin bütün dini abidələri qoruyub bərpa etdiyini deyən millət vəkili Ermənistanın məscidlərə münasibəti isə bütün müsəlman aləminə qarşı təhqir olduğunu da qeyd edib.

Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dövləti uğurlu əməkdaşlığın nümunəsidir: “Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Azərbaycan Respublikası əməkdaşlığa açıq ölkədir. Ermənistan yeganə ölkədir ki, onlarda belə bir əməkdaşlıq formatı mövcud deyil.  Prezident İlham Əliyevin Azərbaycan millətinin və dövlətinin gələcək inkişafına dair aydın strateji baxışı və planları var. Ümumi plan çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq və yeni nailiyyətlər, uğurlar da olacaq.  Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikası  aralarında soyuqluq olan müxtəlif dövlətləri barışdıran və ortaq məxrəcə gətirən güc dövlətidir”. 
 
Siyasət şöbəsi