Evləri uçuq, ağacları çiçəkləyən yurd yerim- REPORTAJ- FOTOLAR
    • 10-03-2021, 18:10
    • 631

Evləri uçuq, ağacları çiçəkləyən yurd yerim- REPORTAJ- FOTOLAR

Səhəri dirigözlü, həyəcan içində açdım. Qəribə hisslər keçirirdim. Həsrətini çəkdiyimiz məkanlara – 30 ildən sonra şəhidlərimizin qanı bahasına işğaldan azad olan müqəddəs torpaqlarımıza ayaq basacaqdım. Orda görəcəklərimi kameramın yaddaşına köçürəcəkdim... 

Vaxt-vədənin tamamında yola düşdük. Yol boyu Cəbrayıl, Zəngilan, Qubadlının televiziyada yayımlanan görüntüləri xəyalımda canlanırdı. Arzuma çatmağa cəmi bir neçə kilometr qalmışdı.  Heç nəyi gözdən qaçırmamağa çalışırdım. Gözümü pəncərədən görünən çöllərdən bir anlıq olsa çəkmirdim. 

Hər gördüyüm mənzərədə qeyri-ixtiyari “Allah bunlara lənət eləsin” deyirdim. Çünki dağılan evlər, viran qalan həyətlər, kimsəsiz məhlələr insanı dəhşətə gətirirdi. 

Neçə-neçə isti, sıçaq yuvalar xarabaya dönmüşdü. Bununla ürəyi soyumayan erməni vandalları evlərin damını, qapı, pəncərələrini söküb aparmışdılar, daş-divarını uçurub yerlə bir eləmişdilər. 

Bir zamanlar azərbaycanlıların yaşadığı cənnət torpaqları kimsəsiz, baxımsız boş əraziyə çeviriblər. 

İllərlə sahiblərinin yolunu gözləyən bu uçulmuş evləri görmək çox ağrılı idi. Buradakı daşlar sanki gördüyü hər doğma insanına illər ərzində baş verənləri danışmaq istəyirdi. 

Bir qəribə məqam da diqqətimi cəlb etdi. Bu damsız evlərin demək olar ki, hər birinin içində ağaclar bitmişdi. 

Sanki o ocaqlarda bitən ağaclar ev sahiblərini təmsil edirdi. Qürurlu, dik duruşu, əyilməzliyi, başı hər zaman ucalarda olanları...

Avtomobilimiz Zəngilana doğru irəliləyirdi.
Yolda dağılmış evlərin arasından əsrlərlərdən bu günümüzə qədər gəlib çatan Məhəmmədbəyli türbəsi boylanırdı. Başından keçən qovğalar, savaşlar onu yıxa bilməmişdi. Ətrafındakı bütün vəhşiliklərə, acımasızlıqlara şahidlik eləmişdi bu türbə.

Gün əyilməmiş Qubadlıya çatdıq. Havası o qədər təmiz, rütubətsiz idi ki...  Deyirlər, təzyiqi olanlar burada dərmana ehtiyac duymurlar. 
Həkərinin sahilində yolun yorğunluğunu aldıq. Əlimizi bumbuz suyuna vurub üzü-gözümüzü islatdıq.

Kimsəsiz, sahibsiz evlərin ardı-arası kəsilmirdi. Baxanda inanmaq olmurdu ki, yarısı uçulmuş evlərdə bir zamanlar həyat dolu insanlar yaşayıblar...
Çünki vandallar evlərin əksəriyyətindən heyvanlarının tövləsi kimi istifadə ediblər. Bütün dağılmış evlərin zirzəmisi saman bağlamalarıyla dolu idi.

Amma biz artıq geri qayıtmışıq! Viran qoyulmuş həyətlərdə ağaclar bizim üçün yenidən çiçəkləməyə başlayıb. Sanki torpaq əsl sahiblərini ayaq izlərindən tanıyıb və 30 illik yuxusundan ayılıb. 

Bu torpaqlarda yenə də evlər qurulacaq, bacalardan tüstü, təndirlərdən isə isti çörək qoxusu ətrafa yayılacaq. 

Yenə yaşlılar, cavanlar Həkəridə balıq tutacaq. Dağıdılan məscidlərimiz bərpa ediləcək. Yenə minarələrdən azan səsi ucalacaq.


Uçulan körpülər yenə də ayrı-ayrı kəndlərdə yaşayan qohumları bir-birinə qovuşduracaq. 


30 il qanayan yaralarımız qaysaq bağlayacaq. İşğal tarixinin üzərindən xətt çəkiləcək, geri döndüyümüz gün - Zəfərimiz qeyd ediləcək. 

Çünki bizlər üçün bir amal var: “Hər sivil insanın birinci ləyaqəti Vətənə sevgidir”.

Teymur MƏMMƏDOV
Cəbrayıl-Zəngilan-Qubadlı