Bakıda restoranda FACİƏ - Ofisiant obyektin həyətində...
    • 6-05-2024, 17:50
    • 619

Bakıda restoranda FACİƏ - Ofisiant obyektin həyətində...

Səbail rayonu, Bibiheybət qəsəbəsindəki restoranların birində 2002-ci il təvəllüdlü Azər Aslan oğlu Ömərovun ölümündə təqsirləndirilən şəxsə hökm oxunub.

News24.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Azər Ömərovun ölümündə təqsirləndirilən ofisiant yoldaşı, 2002-ci təvəllüdlü Rüfət Əsgər oğlu Əkbərli Bakı Ağır Cinayətlər Məhkəməsində özünü qismən təqsirli bilib.

Rüfət Əkbərli deyib ki, Azərlə münasibətləri iş yoldaşı kimi hər zaman yaxşı olub. Aralarında heç vaxt dava-dalaş, mübahisə olmayıb. Mərhumla bərabər özü də restoranda ofisiant işləyib.

Hadisə günü hava yaxşı olduğundan stolları restoranın həyətinə çölə çıxarıblar. Həmin vaxt bir-biri ilə əllə zarafat ediblər. Azər gülə-gülə ona - "indi sən məni qıdıqlamaq istəyirsən", - deyib və üzərinə gəlib. Onlar daha sonra zarafatla güləşiblər. 

Rüfət iki əli ilə Azərin ayaqlarından tutduqdan sonra onu sağ çiyin nahiyəsinə qaldırıb və oradan arxası üstə başı aşağı restoranın daş döşəməsinə tullayıb. Azərin başı restoranın daş döşəməsinə çırpılıb. Bundan sonra vəziyyəti pisləşib. Rüfət dərhal ona kömək edərək ayağa qaldırmağa çalışıb. Lakin Azər bir az qalxdıqdan sonra yenidən dizləri üzərinə çöküb və daha sonra yerə yıxılıb. Onlar güləşən zaman restoranda olan digər işçilər də onlara baxıb gülüblər və hamı zarafatlaşdıqlarını bilib. Azər yerə uzandıqdan sonra əsməyə başlayıb, həkim gələnə kimi vəfat edib. Rüfət törətdiyi əməldən peşman olduğunu və hadisənin bilərəkdən deyil, zarafat edərkən baş verdiyini etiraf edib.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Rüfət Əkbərli Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.