"O, Qarabağın simvolu, musiqimizin əfsanəsiydi" - RƏMİŞLƏ VİDA- VİDEO
    • 6-04-2021, 19:02
    • 543

"O, Qarabağın simvolu, musiqimizin əfsanəsiydi" - RƏMİŞLƏ VİDA- VİDEO

Ona gitara sənətinin kralı, qızıl barmaqlı sənətkar deyirdilər. Gitarasının səsi necə deyərlər, qəlbimizin sarı siminə toxunurdu. Onun adı Rəmiş idi. 
Rəmiş öz ömür payında gitarası, bənzərsiz ifa tərzi ilə musiqimizə elə xarüqələr yaradıb, qəlbləri fəth edib ki... Zarafatları, gülərüzü, mehribanlığı ilə seçilən qarabağlı Xalq artistimiz. Elə ən böyük arzusu da, doğulduğu doğma torpağı Ağdamdan gitarasının səsinin gəlməsi idi, amma çox təəssüf ki, ömrünün 77-ci dönəmində onun bu arzusu həyata keçmədi.

Rəmişi daima dəstəkləyən, sol yanı, ağrılı-acılı günlərində yanında olan ömür-gün yoldaşı Güllü Hüseynova onun ölümü ilə barışa bilmir: “Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır, mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər. Bilmirəm, niyə qoymadılar... Morqdan cənazəsini bizə vermədilər. O, koronavirusa yoluxmamışdı. And içirəm ki, korona xəstəsi deyildi. Sadəcə, onu müalicə edə bilmədilər. Dövlətə cavab verə bilməyəcəklər deyə, adını korona qoydular. Xəstəxanadan bizə xəstəlik səbəbi ilə bağlı sənəd vermədilər. Heç birimiz koronavirus xəstəsi deyilik. Onlar günaha batdılar".

Rəmişlə bağlı ürək sözlərini dilə gətirən mərhum sənətkarın qardaşı Romiq Hüseynov onunla son danışığını yada saldıı"Münasibətimiz yaxşı idi. Qardaş-qardaşla necə ola bilər? Xəstəxanaya yanına buraxmırdılar, ona görə Rəmişi ziyarət edə bilmirdik. Bilirdik ki, xəstədir. Xəstəxanadan getməzdən əvvəl danışmışdıq. Ölüm xəbərini işdə olanda, qardaşım oğlundan eşitdim. Çox çətindir".

Rəmişi son mənzilə yola salmaq üçün onun ən yaxın dostları da gəlmişdilər. Xalq artistin 67 illik dostu Sərdar Əliyev bildirdi ki, Rəmişlə dərd-ortağı olub. Onunla həm yaxşı, həm də pis günlər keçirib: "Bir sinifdə oxumuşuq, çox yaxın münasibətlərimiz olub. Hətta toyumda da iştirak edib. Nə vaxt Ağdama gəlirdisə, mütləq görüşürdük. Hansı məclisdə Rəmişin gitarasının səsini eşidirdiksə, dərhal ora gedirdik. Onun ifasından zövq alırdıq. Heç vaxt gileyini, dərdini deməzdi. Qapalı insan idi. Ancaq gitarası ilə dərdləşirdi. Nə vaxt sual verirdinsə deyirdi ki, hər şey yaxşıdır. Birinci evliliyindən qızları var idi. Uşaqlıqda tez-tez onları gəzməyə aparırdıq. Amma çox təəssüf ki, onun sonuncu anlarında övladları yanında olmadılar".
 
Mərhumun cənazə namazı 1 saylı Kliniki Tibbi Mərkəzin həyətində qılındı. Hər kəsin gözündə qəm-kədər var idi. Amma sənətçi həmkarları bu acını bir başqa hiss edirdi. Elə onu sonuncu dəfə görən Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov kimi.

Mənsum İbrahimov: "Rəmiş sözün əsl mənasında əfsanə idi. O gitaranı milli alətə çevirmişdi. Azərbaycanda gitara məktəbi yaratdı.  Rəmiş tarda da gözəl çalırdı. Bir sözlə, dərya idi. O, xalqın qəlbində hər zaman yaşayacaq. Rəmiş Qarabağın, Ağdamın simvolu idi. Çox təəssüf edirəm ki, Ağdamı görə bilmədi. Təxminən bir ay öncə həmkarım Təyyar Bayramovla icazə alıb, onu ziyarətə getdik. Danışa bilmirdi, amma huşu özündə idi. Mən ona deyəndə ki, Ağdama getmək istəyirsənsə, aparım səni. "Qalx ayağa, gedək", deyəndə gözləri doldu. Doğulduğu torpağa getməyi çox istəyirdi. Ruhu şad olsun. Xalqın Rəmişə çox böyük sevgisi var idi. Ağdamda keçirilən yubileyimə gəlmişdi. Üç mindən çox adamın olduğu stadiona girəndə hamı ayağa qalxdı. Qeyri-adi xasiyyəti, sənəti onun özəlliyi idi".

Əməkdar artist Təyyar Bayramov isə Rəmişin musiqiləri ilə böyüdüyünü qeyd elədi: "Onun musiqilərinin pərəstişkarı idi. Onunla dəfələrlə bir səhnəni bölüşmüşük. Çox etibarlı insan idi. Sonuncu dəfə Mənsum müəllimlə  onu ziyarət elədik. Biz Ağdamdan danışdıq. Çox kövrəldi. Gülü ilə hər gün danışırdım. Rəmişlə isə bir həftə qabaq söhbətləşmişdim. Çox rahat danışdı. Amma  üç-dörd qabaq Gülü dedi ki, vəziyyəti yaxşı deyil. Həkimlər dedilər ki, virusa yoluxub. Daha ətraflı məlumatları isə mən bilmirəm. Bizə verilən məlumata görə, o, koronavirusa yoluxub. Allah rəhmət eləsin".

Gitara ifaçısı Rəhman Məmmədli də Xalq artisti ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Azərbaycanda gitaranı Rəmiş yaradıb. Bu, danılmaz faktdır.  Rəmiş Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük bir isim idi. Həqiqətən də bu günki itki çox ağırdır. Bu gün əlinə gitara alıbi fa edə bilən hər bir musiqiçi Rəmişə borcludur. Eyni zamanda da mən. Rəmiş olmasaydı, gitara sənəti bu qədər çox sevilməzdi. Onunla ara-sıra telefonla əlaqə saxlayırdım. Allahdan bir arzum var ki, Allah onun günahlarını bağışlasın. Çünki, heç birimiz günahsız deyilik. Yeri cənnət olar, inşaallah. Mən kiçik olaraq böyüklük göstərib bu gün bura gəlib iştirak etdim".
 
Mərhumun cənazəsi 1 saylı Kliniki Tibbi Mərkəzdən götürülərək "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırıldı.

VİDEO - FOTO: Fərid Şabanov