“Açıq havada maska taxmaq ÇOX ABSURDDUR” – Professor
    • 3-05-2021, 13:59
    • 440

“Açıq havada maska taxmaq ÇOX ABSURDDUR” – Professor

“Vaksinasiya elmin bəşəriyyətə hədiyyə etdiyi ən böyük tapıntıdır”.

Bunu News24.az-a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 


O bildirib ki, xəstəxanalardakı statistik rəqəmlər bizi qətiyyən arxayın salmamalıdır: “Görünən odur ki, insanların əksəriyyəti xəstəxanalara getmək istəmir. Əhalinin böyük qismi evdə müalicə alır. Bu baxımdan biz evdə müalicə alan şəxsləri də nəzərə almalıyıq. Bu gün Hindistan ştammının hansı davranışı sərgiləyəcəyini, nə baş verəcəyini demək çətindir. İkili mutasiya olan ştammların dünyaya yayılması dördüncü dalğa deməkdir”. 

Professor vurğulayıb ki, insan açıq havada tək gəzirsə, onun maska taxmağının lüzumu yoxdur: “İnsanların restoranlarda, iaşə obyektlərində, çay evlərində və s. maskasız oturub, çöldə maska taxmaları çox absurd addımdır. Çöldə maska taxmaq məsələsinə yenidən baxılmalıdır. Karantin qaydalarının tam yumşaldılmasından söhbət gedə bilməz. Əvvəlki praktikada yumşalmalara gedib, daha sonra yenidən sərtləşməni müşahidə etdiyimiz üçün insanlar artıq bu prosesdən beziblər”. 


Adil Qeybulla hesab edir ki, dünyanın heç bir yerində vaksin səbəbindən ölüm halı olmayıb: “Başqa xəstəlikdən ölən şəxslər vaksin vurdurduğu təqdirdə problemi peyvənddə görürlər. “AstraZeneca” vaksi haqqında yayılan söz-söhbətlər şayiə xarakteri daşıyır. Bunlar anti-vaksin kampaniyasının tərkib hissəsidir. Bu cür məsələlər insanları narahat etməməlidir. Vaksinasiya elmin bəşəriyyətə hədiyyə etdiyi ən böyük tapıntıdır. “AstraZeneca” isə daha yaxşı vaksin sayılır”.