"Prezident və xanımı fəxri qonağımız olsun"- Şuşada toy etmək istəyən cütlük
    • 20-05-2021, 17:59
    • 544

"Prezident və xanımı fəxri qonağımız olsun"- Şuşada toy etmək istəyən cütlük

"Qarabağa dönüş" İctimai Birliyinin rəhbəri, millət vəkili Tural Gəncəliyev Şuşada ilk toyu etmək istəyən cütlüklərə müraciət edib. O bildirib ki, Şuşada ilk toyu kimlər etmək istəyirsə, İctimai Birliyə müraciət etsinlər. Tural Gəncəliyev hətta karantin rejimi bitdikdə, ilk toyun açıq havada, Cıdır düzündə təşkil edilə biləcəyini vurğulayıb.

Şuşalı deputatın bu çağırışına ilk qoşulan jurnalist Bəxtiyar Hacıyev və onun nişanlısı, AzTV-nin əməkdaşı Nigar Etibar oldu. 

Nigar Etibar təşəbbüslə bağlı News24.az-a açıqlama verib: "Biz Bəxtiyarla 2019-cu ildə nişanlanmışıq. Amma pandemiya səbəbindən toyumuz təxirə düşdü.  Prezident İlham Əliyev Vətən müharibəsi zamanı hər dəfə Şuşa ilə bağlı danışanda orada toy eləməyin xəyallarını qururduq. Hələ Şuşanın işğaldan azad olunduğu xəbəri verilməzdən 2 gün əvvəl – noyabrın 6-da nişanlım bu əhdimizi feysbuk sosial şəbəkəsində də yazmışdı. Bu gün deputat Tural Gəncəliyevin məlum müraciətindən sonra yenidən arzumuzu dilə gətirdi və elə sosial şəbəkə vasitəsilə "Qarabağa dönüş" İctimai Birliyinə müraciət etdi. Həmkarlarımız sağ olsunlar, müraciətimizin özümüzün də xəbəri olmadan ictimailəşdirdilər. Hətta Azərbaycanda əməkdaşları olan xarici media nümayəndələri də bununla bağlı bizə yazdılar. Dedilər, toyunuz Şuşada olsa, gəlib çəkmək istəyərik. İnanırıq ki, tezliklə müraciətimizə müsbət cavab veriləcək. Başa düşürük, pandemiyadır ona görə vacib deyil ki, toyumuz 100 nəfərlik olsun. Bir neçə nəfərlə də olsa, olar. Əsas odur ki, toyumuzun Şuşada keçirilməsinə icazə verilsin. Əgər icazə verilərsə, çox minnətdar olarıq. Bu, həm ermənilərin bizim Şuşamızda müharibə vaxtı "toy şousu"na cavab olar, həm də dünyaya Şuşanın kimə aid olduğunu bir də bu formada göstərmiş olarıq. "İki azərbaycanlı jurnalistin Şuşada toyu" xəbəri belə qulağa xoş gəlir. Şuşanı bizə, bizi Şuşaya qovuşduran şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qismət olsa, toyumuzu Azərbaycan himni və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edərək başlayacağıq. Bir arzumuz da var, Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva toyumuzda fəxri qonağımız olsun. Bu, bizim üçün ən böyük hədiyyə olardı".