"Yaşıl qələm"in bəhrəsi - MEDİATUR
    • 21-05-2021, 16:35
    • 1 202

"Yaşıl qələm"in bəhrəsi - MEDİATUR

Bu gün bir qrup media və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri  jurnalistlərin  2019-cu ildə saldığı “Yaşıl qələm” adlı bağa səfər ediblər.

Səfərdə Bakının Zığ şossesinin kənarında salınan bağda ağac əkmiş 100-dən artıq media qurumlarının təmsilçiləri, eləcə də Ekologiya və Təbii Sərvətlətlər naziri Muxtar Babayev iştirak edib.

News24.az saytının təsisiçisi, tanınmış iş adamı Ruhi Əliyeva və baş redaktoru Ülkər Qasımovanın da qatıldığı tədbirdə nazir və media nümayəndələri ağaclara qulluq edib və yeni tinglər əkiblər.

Bu cür aksiyaların olduqca əhəmiyyətli olduğunu deyən nazir müavini Vüqar Kərimov Bakının yerləşdiyi mövqeyə görə səhra və yarımsəhra ərazi olduğunu və bu yerlərdə yaşıllaşmanın çox olmadığını vurğulayıb: “19-cu əsrin əvvəllərindən 20-ci əsrin əvvəlinədək ədəbiyyat məlumatlarında Bakının cəmi 1 faizinin yaşıllaşdırıldığı haqda məlumatlar var. Amma hazırda yaşıllaşdırılan ərazilər xeyli çoxalıb. Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Bakının yaşıllaşdırılmasına xüsusi diqqət yetirib. Parkların, istirahər mərkəzlərinin sayı artırılıb. Son 20 ildə cənab prezidentin yaşıllaşdırılmasını daim diqqətdə saxlaması Bakı şəhəri ərazisinin 10 faizədək ərazisinin yaşıl örtük altında olmasına şərait yaradıb. 


Bu rəqəmlər yenə də dəyişəcək. Həm ETSN-in, həm dövlətin digər layihələrinin hesabına, həm də əvvəllər neft əraziləri sayılan yerlərdə yaşıllıqların salınması sahibkarlıq subyektlərinin cəlb olunmasına kömək edib. 2025-ci ilədək Bakıda yaşıllıqların miqdarının ümumi sahəyə olan nisbətinin 15 faizədək artırılması ilə bağlı layihə hazırlanıb. Ümumilikdə bu proses Azərbaycan ərazilərində davam edir. Azərbaycan azmeşəli ölkələr siyahısındadır. Ərazimizin cəmi 11%-dək hissəsi meşə örtüyü ilə əhatələnib. Meşə fondu əraziləri zəif olan və ya ümumiyyətlə, yaşıllıq olmayan ərazilərdə bu proses effektiv sürətdə davam edir”. 


Nazir müavini Qarabağda da yaşıllaşdırılma işlərinə başlanıldığını dilə gətirib: “Yaz mövsümündə həm Zəngilanda, həm Qubadlıda, həm Füzulidə, həm də Cəbrayıl rayonunun özündə ərazinin təhlükəsizliyi ilə bağlı olaraq az miqdarda da olsa bu proses həyata keçirilir. Payız aylarında daha çox ərazi minadan təmizlənəcək, yaşıllaşdırma işləri daha geniş vüsət alacaq. Bu il ərzində 1 milyon ağacın əkilməsini planlaşdırmışıq”.

“Bu cür aksiyalar yaşıllıqları artırmaq, ətraf mühitin mühafizəsi, ölkəmizin flora biomüxtəlifliyinin artırılması, ekoloji vəziyyətin yaxşılaşmasına çox böyük dəstəkdir”.


Bu fikirləri isə News24.az saytının təsisçisi, iş adamı Ruhi Əliyeva bildirib. O qeyd edib ki, media nümayəndələrinin belə xeyirxah təşəbbüsdə qatqısının olması çox sevindiricidir: “Belə aksiyalar ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək baxımından çox təqdirəlayiqdir”.

ETS-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova 3 il bundan öncə yüzlərlə tingin basdırıldığı bu bağın təbiətimizə, ətrafın yaşıllaşmasına bir töhfə olduğunu deyib:


“2019-ci ildə media nümayəndələrinin təşəbbüsü ilə salınan bu bağdakı ağaclar artıq bar verib. Biz də gəldik ki, bir daha ağaclarımıza qulluq edib, onların kölgəsində çay içək. Çox sevindiricidir ki, jurnalistlərin saldığı bağda 100 faiz pöhrələnib. Əlbəttə ki, böyük ruh-yüksəkliyi və coşğu ilə əkilən ağaclardan bu cür bağın ərsəyə gəlməsi təbiidir. Özünüz də gəlib əkdiyiniz meyvə ağaclarının bəhrəsini gördünüz və ürəkaçan mənzərənin şahidi oldunuz. 

Hamınıza təşəkkür edirik ki, Abşeron yarımadasının yaşıllaşdırılmasında belə ürəkdən iştirak etmisiniz”.

Tanınmış jurnalist, Milli Televiziya və Radio Şurasının üzvü Mübariz Əsgərov da aksiyanın çox təqdirəlayiq olduğunu qeyd edib:


“Hər əkilən ağac Azərbaycanı bir daha yaşıllaşdırıb, təmizləyir. Jurnalistlərin bu işə qoşulması məntiqə uyğundur. Çünki Azərbaycan jurnalistikası elə “Əkinçi”dən başlayıb. Məncə, jurnalist həm əkinçi, həm də biçimçi olmalıdır. Ya da heç olmasa onlardan biri olmalıdır. Mən də bu tədbirdə çox ürəklə işirak etdim”.

“Asan Radio”nun rəhbəri Emin Musəvi də həmkarının bu fikirlərinə şərik çıxıb. Bildirib ki, bu tədbir rəmzi xarakter daşıyır:


“Azərbaycanda media “Əkinçi”dən başlayıb. Amma indi jurnalistlərimizin təşəbbüsü ilə burada bağ salınıb. Bu ənənə davam edir. Biz nazirin iştiraki ilə ağac əkirik. Ağac da həyat deməkdir. Arzu edirəm ki, həyatımız hər zaman yaşıl olsun”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsünün təbiətimiz və yaşıllıq üçün əhəmiyyətli hadisə olduğunu deyib:


“2 il əvvəl 36 hektarlıq bu ərazidə jurnalistlər ağac əkdilər. Biz buraya gələndə, tanımadıq. Yaxşı mənada təəccübləndik. Ağac bir ömür nəfəs deməkdir. O nəfəsi Bakıya vermək üçün buradayıq”.  

Məhərrəm Əliyev
VİDEO: Hüseyn Həsənov