Bakıda ər-arvadın bıçaqlanması ilə bağlı ŞOK DETALLAR- YENİLƏNDİ
    • 30-05-2021, 14:50
    • 846

Bakıda ər-arvadın bıçaqlanması ilə bağlı ŞOK DETALLAR- YENİLƏNDİ

Bakıda ər-arvadın bir-birini bıçaqlanması ilə bağlı saytımıza yeni məlumatlar daxil olub.
Hadisə zamanı xəsarət aldığı bildiirlən Fərqanə Rəsulovanın bacısı Aidə Həsənova News24.az-la əlaqə saxlayaraq bunları deyib: 
 
"Fərqanənin əri üzündən bir il idi ki, evində söz-söhbət var idi. Bacım ərinin uşaqları ilə bir yerdə yaşaması üçün ondan boşanmadı, ərinin ona toxunmaması şərti ilə bir evdə yaşamağa razı oldu. Amma buna baxmayaraq, əri dəfələrlə ona cinsi təcavüz edib. Buna görə də,  bacım məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Sənədlə, yəni rəsmi olaraq da onun qarşısında həyat yoldaşı kimi heç bir öhdəliyi olmaması üçün məhkəməyə ərizə verdi. Əri bunu bilən gündən ona təzyiqlər göstərirdi. Məhkəmədən boşanma ərizəsini geri götüzdürməyə çalışırdı. Bacım boşanmağa qərarlı olduğu üçün anamın evinə getmişdi.  Ötən şənbə Namiq anamgilə gedib bacımı yalvar-yaxarla evə aparıb. Ona deyib ki, narahat olma, qaldığın otağın qapısını açarlayarsan. Boşanmaq istəyirsənsə də, boşanarsan. Onu beləcə aldadıb, anama da söz verib aparıb. Bununla bağlı məndə bacımın səs yazısı var. Evə gedəndən sonra isə bacım mənə səs atdı ki, iki gündür bu yenə başlayıb məni təhdid edir. Sonra da bu hadisə baş verdi”.

Aidə Həsənovanın sözlərinə görə, hadisə səhər saatlarında baş verib: “Bacımın əri görüb ki, Fərqanə qapını açarlayıb yatıb, ona görə də gecə bacıma yaxın düşə bilməyib. Səhər bacım qalxıb mətbəxə keçəndə bu hadisə baş verib. Əvvəlki gün axşam uşaq görüb ki, atası həyətə düşüb. Oyananda atasının həyətdən evə qalxdığını görüb. O gecə yatmayıb bacımı öldürmək üçün hazırlıq görürmüş”.

Zərəçəkənin bacısı yayılan xəbərlərin həqiqət olmadığını da iddia edir: “Bu haqda yalan məlumatlar yayırlar. Deyirlər, guya oğlanın vəziyyəti ağırdır. O bacımı evdə, mətbəxdə, qonaq otağında bıçaqlayıb. Sonra bacım bloka qaçıb, ardınca gedib orda da bıçaqlayıb. Bütün bunları qızı görüb. Bacımı qonşular onun əlindən xilas edib. Bacım blokdan qanı axa-axa çıxıb. Sonra təcili yardımla xəstəxanaya çatdlrılıb. Sonra çox qan itirdiyi üçün şoka düşüb. Xəstəxanada əməliyyata alınıb. Qohumlar xəstəxanaya çatanda biliblər ki, bacım əməliyyatdadır”.

Aidə Həsənova deyir ki, bacısının ərini bıçaqlaması haqda deyilənlər də yalandır: “Bacım xəstəxanaya aparılandan sonra qızı qohumlara qızı zəng edib deyib ki, atasını da xəstəxanaya aparıblar. Çünki bacımdan sonra əri otaqların birinə girib qapını bağlayıb öz-özünə xəsarət yetirib. Ondan sonra qonşular qapını qırıb onu çıxararaq xəstəxanaya çatdırıblar. Yəni hadisə belə olub. Bacım heç kimi bıçaqlamayıb. Yayılan məlumatlar yalandır. Oğlanı vəziyyətdən çıxarmaq üçün belə xəbərlər yayırlar. Zatən bununla bağlı istintaq gedir. Həm də qızı bunların hamısının şahididir. Bütün hadisələri gözü ilə görüb.Əgər bacım onu bıçaqlamış olsaydı, onu da bacımla birgə xəstəxanaya çatdırardılar. Necə ola bilər ki, bacım xəstəxanaya çatdırılanda qan itkisindən şokdaydı. O bacımdan sonra xəstəxanaya çatdırılıb. Onların dediyi kimi olsaydı, o adam bıçaq yaralarından ölməliydi. Bütün deyilənlər yalandır. Bacım xəstəxanada çan çəkişir, bunlar isə yalan xəbərlər yayırlar".

 
**
Bakıda ər və arvad bir-birini bıçaqlayıb.

Hadisə Xəzər rayonunda qeydə alınıb.
Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır. /Report/