OECD-in ölkəmizdə keçirdiyi 5-ci raund pilot qiymətləndirmə davam edir - FOTO
    • 1-06-2021, 11:30
    • 340

OECD-in ölkəmizdə keçirdiyi 5-ci raund pilot qiymətləndirmə davam edir - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkəmizin prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlığını davam etdirir.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, ölkəmiz 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013- cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə IV Monitorinq Mərhələlərini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə etmişdir. Xüsusilə qeyd edilməlidir ki, monitorinqlər çərçivəsində milli qanunvericilikdə dövlət orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaşlara göstərilən xidmət meyarlarının beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində əhəmiyyətli dəyişikliklər edilmişdir.

OECD ilə uğurlu əməkdaşlığın təzahürü kimi həmin təşkilat tərəfindən ölkəmizdə keçirilən 5-ci raund pilot qiymətləndirmə üzrə sorğu vərəqəsi cavablandırılmaqla, OECD-yə təqdim edilmişdir. 

Pilot qiymətləndirmə prosedurunun növbəti mərhələsi kimi, 17-31 may 2021-ci il tarixlərdə OECD-nin müvafiq heyəti tərəfindən dövlət orqanlarının, qeyri-hökümət təşkilatlarının, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə onlayn platforma vasitəsilə virtual müsahibələr həyata keçirilmiş, nümayəndələr müsahibələrə vahid mərkəzdən-Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasından qoşulmuşlar.

Tədbirin ilk günü açılış nitqi ilə çıxış edən OECD üzrə Milli Koordinator- Baş Prokuror Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayaraq, OECD ilə uğurlu əməkdaşlığın nəticəsi kimi həmin təşkilatın tövsiyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini ekspert heyətinin diqqətinə çatdırmış, hazırki monitorinq prosesinin ölkəmiz üçün əhəmiyyətini qeyd etmişdir.

Virtual müsahibələr Azərbaycan Respublikası Prokurorluğunun müvafiq struktur qurumlarının, 16 fərqli dövlət qurumununun, eləcə də paylarının (səhmlərinin) nəzarət səhm zərfi dövlətə məxsus 10 hüquqi şəxsin 90-dan artıq nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Qeyd edilməlidir ki, virtual müsahibələrdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi, Milli Məclisinin deputatları, hakimlər, Məhkəmə-Hüquq Şurasının, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının nümayəndələri də iştirak etmişlər.

Virtual müsahibələr ölkəmizin korrupsiyaya qarşı mübarizə strategiyası fonunda, milli iqtisadiyyat, prokurorluq və məhkəmə orqanlarının fəaliyyəti də daxil olmaqla 13 fərqli mövzu üzrə aparılmış, ekspert heyətinin sualları müvafiq qurumların nümayəndələri tərəfindən cavablandırılmışdır.

Tədbirin sonunda ölkəmiz tərəfindən monitorinq prosesinə göstərilən diqqət OECD-nin nümayəndə heyəti tərəfindən təqdir edilərək, virtual müsahibələr zamanı yüksək təşkilatçılığa görə Azərbaycan tərəfinə  minnətdarlıq edilmişdir. 

Hazırda ölkəmiz üzrə monitorinq prosesi davam etdirilir.