-
- 29-07-2021, 11:08
- 844
Ermənistan Qarabağla bağlı YENİ MÜQAVİLƏYƏ imza atmalı olacaq - ŞƏRH
"Azərbaycanla Ermənistan arasında Qarabağ üzərindən 30 il ərzində sərhəd olmayıb. Ermənistan torpaqlarımızın işğalından istifadə edərək illər boyu Azərbaycanın içərisinə doğru irəliləyib, torpaqlarımıza yollar çəkib, mədənlər işlədib, heyvanlarımızı otarıb və s. Azərbaycan ordusu 44 günlük müharibədən sonra sərhədlərdə mövqelərini möhkəmləndirməkdə davam edir. Beləcə Ermənistan qanunsuz ələ keçirdiyi gölü, yolları, mədənləri, su və elektrik xətlərini itirir. Bu, onlar üçün ağrılı prosesdir, ona görə atəş açırlar".
Bunu News24.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan müharibə dövründə olduğu kimi sərhəddə də xalqına müqavimət göstərdiyini sübut etməyə çalışır, ancaq itirə-itirə getdiyinə görə sonda 10 noyabr razılaşmasına bənzər sazişə imza atmalı olacaq: "Bizim işimiz isə həmin saziş imzalanana qədər bizə aid olanları geri qaytarmaqdır. Digər tərəfdən bu işi soyuqlar düşənə qədər bitirmək məcburiyyətindəyik".
Siyasət şöbəsi