"Yaralı ayağını salamat ayağına bağlayıb... " - Könüllü cərrahların dəhşətli MÜHARİBƏ XATİRƏLƏRİ
    • 9-11-2021, 14:54
    • 900

"Yaralı ayağını salamat ayağına bağlayıb... " - Könüllü cərrahların dəhşətli MÜHARİBƏ XATİRƏLƏRİ

Peşələrinin necə müqəddəs, nə qədər ali olduqlarını onlar Vətən müharibəsində bir daha sübut etdilər. “Müsəlləh əsgərik” deyib könüllü cəbhəyə yollanmağı, ölüm-dirim savaşında hərbçilərimizlə çiyin-çiyinə olmağı özlərinə borc bildilər. Ailəsinin, doğmalarının onlara ehtiyacına rəğmən, müharibənin cəsur simalarına çevrildilər.

Müharibə başlayan ilk gündən Türkiyədə çalışan həkimlərimizin, ixtisasartırma və rezidenturada təhsil alan gənc tibb mütəxəssislərimizin 68-i, eləcə də, Ankaradakı Sağlıq Bilimləri Universitetinin (SBU) Gülhanə Tibb fakültəsinin yetirməsi olan 30 hərbi həkim könülllü Azərbaycanda hərbi xəstəxanalarda çalışdılar.

68 həkimin Azərbaycana könüllü olaraq getməsi Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyinin apardığı kampaniya əsasında baş tutub. Dərnəyin sədri, Ankara Şəhər Xəstəxanasının ürək-damar cərrahı Fərid Qasımzadə deyir ki, keçən il müharibə başlayan ilk günlərdən etibarən həm həmkarları, həm də bu ölkədəki iş adamları ilə birgə Azərbaycanın Ankaradakı Səfirliyinin dəstəyi ilə müharibə bölgələrinə könüllü həkimlərin getməsi üçün kampaniya başladılıb: “İnternet üzərindən bu kampaniyanı açıq elan etmişdik. İlk gündən həm könüllü həkimlər, həm də tibbi ləvazimat, cərrahi alətlərin bölgəyə çatdırılması üçün tədbirlərə başladıq”.

Türkiyədən göndərilən tibbi ləvazimat təchizatının 3-4 milyon Türk lirəsi civarında olduğunu vurğulayan Fərid Qasımzadə bu məsələdə Amerika və Almaniyadakı həkimlər dərnəyinin rol oynadığını da bildirib: “Amerika və Almaniyadakı həkim həmyerlilərimizin də maddi dəstəyini vurğulamaq yerinə düşər. Bununla da biz bütün dünyadakı azərbaycanlı həkimlərimizlə müharibə sayəsində birləşib gücümüzü ortaya qoymağı bacardıq”.

30 hərbi həkimin Türkiyədən Azərbaycana getməsində ilk təşəbbüskar olan tibbi xidmət üzrə mayor, Gülhanə Təhsil və Araşdırma xəstəxanasının cərrahı Anar Aslanov isə deyir ki, müharibə başlayan ilk gün Azərbaycanın Türkiyədəki hərbi attaşesinə telefonla zəng edərək bir qrup həkimin Azərbaycana dəstəyə getmək istədiklərini bildirib: “Bir gün öncəsindən də danışmışdıq ki, belə bir ehtimal olduğu halda, təhsilimiz dondurulub, geri çağırılmamız mümkün ola bilər. 27-si günü bir saatdan sonra Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin planlaşma şöbəsini telefonla arayıb məqsədimizi bildirdik. Çünki hərbi həkim olduğumuz üçün bizə rəsmi olaraq əmr gəlməliydi. Cavab aldıq ki, hələlik bizə ehtiyac yoxdur, çünki sıravi həkimlərdən də müraciət edənlər çox var. Ondan sonra 28-i biz rəsmi olaraq raportla müraciət etdik, bir-iki günlük isrardan sonra nəhayət, razılıq ala bildik. Biz zaman itkisi olmasın deyə, olduğumuz şöbələrdən məzuniyyət götürərək, öncə bizim qrup olmaqla, iki qrupla Bakıya getdik. Bakıda hərbi hospitalda da Türkiyədən qayıdan bütün hərbi həkimlər toplandı”.


Bakıda MN-nin Tibb Baş İdarəsi tərəfindən bölgü aparılaraq 4 qrup ayrılıb. Bir qrup Bakıda yerləşən hərbi hospitala, bir qrup Gəncə hərbi xəstəxanasına, digər iki qrup isə Ağdam və Füzuli hərbi xəstəxanasında ön cəbhəyə göndərilib: “Mənim düşdüyüm istiqamət Füzuli hərbi xəstəxanası idi, sonra müharibənin hücum xətti cənub cəbhəsi üzrə getdiyinə görə, əsas əməliyyatlar bizim hospital oldu. Bir müddət sonra Füzuli hospitalı iki hissəyə bölündü, digər hissə Cəbrayılın Daşkəsən kəndindəki tibb məntəqəsi oldu, orada hərbi xəstəxana açdıq. Cərrahlıq vəzifəsi də mənə həvalə olundu. Daşkəsəndə şəraitimiz çox çətin idi, həm də yaralıların vəziyyəti çox ağır olurdu, amma öhdəsindən gəlirdik. Orada sadəcə Türkiyədən gedən həkimlər deyildi, Azərbaycandan olan hərbi həkimlər də vardı. Çoxu gənc idi, hələ rezidentura təhsili alırdılar, amma həqiqətən hər biri peşəkar, qocaman professor həkim qədər iş görürdülər”.

Deyir ki, onlar gecə-gündüz, bütün səmimiyyətləri ilə, enerjiləri ilə, əlindən gələni etməklə kifayətlənmir, daha artığını etməyə çalışırdı: “İki həftə orada işlədik. Bizim şanlı ordu Şuşa istiqamətinə hərəkətə keçdikdən sonra biz ön cəbhədən bir qədər geridə qaldıq. Oktyabrın 31-i, noyabrın 1-i tarixlərində Hadruta getdik. Oradakı doğum xəstəxanasını hospitala çevirdik. Müharibənin son 10 günü o xəstəxanada əməliyyat üçün çox yaxşı şərait qurduq. Bu xəstəxana Qarabağda ilk fəaliyyətə başlayan tibb müəssisəsi olaraq tarixə düşdü. Həm Şuşanın işğaldan azad olunması, həm də Qələbə xəbərimizi, düşmənin tam məğlubiyyət müjdələrini o xəstəxanada aldıq. Hansı ki, gecə saat 1-də biz hələ də yaralılar qəbul edirdik. O xəbərləri aldıqdakı sevincimizi sözlə ifadə edə bilmirəm”.

Müharibə bitdikdən sonra ay yarım da orada xidmət etdiklərini bildirən Anar Aslanov MN-nin əmri ilə geri döndüklərini deyir.

Hərbi həkimin sözlərinə görə, cərrah olaraq rəhbərlik etdiyi Daşkəsən və Hadrut hərbi xəstəxanalarına gətirilən yaralılar arasında xüsusi təyinatlıların sayı çox olub: “Müharibə zamanı ilk tibbi hospital olaraq həm Daşkəsən, həm də Hadrut hərbi xəstəxanaları ən öndə yerləşirdi. Ona görə yaralılar ilkin müdaxilədən sonra gətirildikləri yer məhz bizim xəstəxana idi. Təbii ki, bunların içində Zəfərimizin əsas memarları olan xüsusi təyinatlı zabit və əsgərlər də vardı. Bir çox xüsusi təyinatlı qüvvələrin zabit, gizir və əsgərlərin həm ilk tibbi yardımı, eləcə də, əməliyyatların olunması, ortopedik - travmotoloji müdaxilələr, istər digər ağır tibbi yardımlar bizim xəstəxanada olurdu. Açığı, mən çox istərdim ki, müalicələrin aparılması, xəstələrin gətirilməsi, təxliyəsi prosedurları video və şəkillərlə tarixin yaddaşına köçürülərdi. Amma təəssüf ki, o ərəfədə nə bu yada düşürdü, nə də xüsusi icazə lazım olduğu üçün kimsə buna təşəbbüs göstərirdi”.

Cərrah xüsusi təyinatlılardan bir neçəsinə olan yardımı belə xatırlayır: “Bir xüsusi təyinatlı baş leytenant partlayış travması almışdı. Təəssüf ki, ayağını qorumaq mümkün deyildi, güdül formalaşdırması deyilən əməliyyatla dizaltı amputasiya etdik. Anesteziyanın ilk təsirindən ayılanda “ayağıma nooldu”, deyə soruşanda, ona təsəlli verməyə çalışdıq, istədik psixoloji zədə almasın. Amma onun ilkin reaksiyası bu oldu: “Ayağımı düşünmürəm, qrupum başsız qalıb, mən görəvimə dönməliyəm. Axırıncı yaralandığı döyüşdə o, 20 nəfərlik kiçik dəstəsilə 138 ermənini məhv eləmişdi. Belə cəngavər, cəsur oğlan idi. Yəqin ki, həyatımın sonuna qədər o anı unutmayacam. Soyadını xatırlamıram, adı, səhv eləmirəmsə, Nicat idi...”.

Anar Aslanovun digər bir xatirəsi mayor rütbəli tabor komandirinin yaralanma səhnəsi ilə bağlıdır: “Təxminən gecə saat 3-də o, yaralı halda bizim xəstəxanaya gətirildi. Ayağından ağır zədə almışdı, sol ətrafı tamam sınmışdı. O necə yaralanmasını bizə danışdı. Dedi ki,  ayağından vurulanda yoldaşlarına yük olmamaq, diqqətlərini yayındırmamaq üçün, yaralı ayağını salamat ayağına bağlayıb xeyli məsafəni sürünüb ki, döyüş meydanından çıxa bilsin. Söhbət Şuşa dağlarındakı döyüşlərdən gedir. Sonra orda təxminən 150 metrlik məsafəni yuvarlanıb aşağı yıxılıb. Buna baxmayaraq yenə bir qədər sürünəndən sonra təxliyyə qrupuna rast gəlib. Biz bu gün tariximizin ən şanlı səhifəsi olan Zəfərdən danışırıqsa, bunun əsas payı xüsusi təyinatlılarımız düşür. Biz bu Qələbəni onlara borcluyuq”.

Qeyd edək ki, II Qarabağ müharibəsində 10-u həkim olmaqla 86 tibb işçisi şəhid olub. /APA/

Sevil Hilalqızı Ünal